"Bütün infrastrukturumuz çökdü. Biz Əfqanıstanı hər sahədə yenidən quracağıq. Bu baxımdan ən çox Türkiyəyə ehtiyacımız var".
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu "Taliban"ın qurucuları arasında yer alan və hələ də təşkilatın sözçüsü olan Süheyl Şahin deyib.
İndiyədək Rusiya, İran, Çin kimi bir çox ölkələrə gedib danışıqlar aparan, ancaq Türkiyə ilə daha uzaq bir imic formalaşdıran təşkilatın sözçüsü qeyd edib ki, əslində "Taliban" bilinənlərin əksinə olaraq Türkiyə ilə yaxın münasibətdədir:
"Türkiyə bizim üçün çox əhəmiyyətli bir güc olmaqla yanaşı, dünyada hörməti olan və qüdrətli bir dövlət, türklər isə İslam dünyası üçün xüsusi bir mövqeyə sahib millətdir. Digər tərəfdən, Türkiyənin Əfqanıstanla bağını heç bir ölkə ilə müqayisə etmək olmaz.
Açıq şəkildə bildirirəm ki, Əfqanıstan İslam Əmirliyi olaraq Türkiyənin dostluğuna, dəstəyinə və əməkdaşlığına digər ölkələrdən daha çox ehtiyacımız var".
Əfqanıstanın zəngin yeraltı sərvətlətlərinin olduğunu deyən talibilərin sözçüsü onu da bildirib ki, bu imkanlardan istifadə edə bilmək üçün yalnız Türkiyənin gücünə ehtiyac var:
"Əfqanıstan zəngin yeraltı sərvətlərə malikdir. Amma onları emal etməyə gücümüz yoxdur. Bütün infrastrukturumuz işğala və talançı ölkə rəhbərlərinə görə çökdü. Türkiyə ilə səhiyyə, təhsil, iqtisadiyyat, inşaat və enerji sahələrində, yeraltı sərvətlərin işlənməsində əməkdaşlıq etmək istəyirik. Daxili tarazlıqlar tam formalaşdıqdan sonra türk qardaş və bacılarımızın bu məsələlərdə fəal rol oynayacaqları ən böyük gözləntimizdir".
Ağarza Elçinoğlu