NATO ölkələrinin xarici işlər nazirləri Əfqanıstanla bağlı bəyanat qəbul edib.

Unikal.org-un NATO-nun saytına istinadən verdiyi xəbərə görə, birgə bəyanat bu gün XİN başçılarının Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclasından sonra qəbul olunub.

Bəyanatda bildirilib ki, NATO xarici işlər nazirləri Əfqanıstandakı hadisələrdən narahatdır. XİN başçıları ölkədə şiddət və zorakılığın dərhal dayandırılması üçün çağırış ediblər: “Əfqanıstanda insan haqlarının ciddi şəkildə pozulması ilə bağlı məlumatlardan dərin narahatlığımızı bildiririk. BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli bəyanatına sadiq olduğumuzu təsdiqləyir, insan hüquqlarına və beynəlxalq humanitar hüququn norma və standartlarına hər vəziyyətdə riayət edilməsinə çağırırıq.

İndi bizim ilk vəzifəmiz vətəndaşlarımızın, tərəfdaş ölkə vətəndaşlarının və xüsusilə illər ərzində bizim bu ölkədəki səylərimizə kömək etmiş və hazırda risk altında olan əfqanların təhlükəsiz şəkildə təxliyəsini davam etdirərək öhdəliklərimizi yerinə yetirməkdir. Əfqanıstanda səlahiyyətli şəxsləri ölkəni tərk edənlərin təhlükəsiz və nizamlı gedişinə hörmət etməyə və asanlaşdırmağa çağırırıq. Təxliyə əməliyyatları davam etdikcə, Həmid Kərzai adına Beynəlxalq Hava Limanındakı müttəfiqlərimizlə sıx əməliyyat koordinasiyamızı davam etdirəcəyik.

Əfqanıstan xalqı təhlükəsizlik şəraitində, güvən və ləyaqət içində yaşamağa, son iyirmi il ərzində qazandığı mühüm siyasi, iqtisadi və sosial nailiyyətlər üzərində ölkənin inkişafını davam etdirməyə layiqdir. Biz Əfqanıstan cəmiyyətində önəmli rolunu təhlükəsiz şəkildə davam etdirməli olan vətəndaş cəmiyyəti aktyorlarının yanındayıq. Əfqanıstandakı bütün tərəfləri qadınların və milli azlıqların iştirakı da daxil olmaqla, əhatəli və təmsilçi bir hökumət qurmaq üçün vicdanlı şəkildə işləməyə çağırırıq. Mövcud şəraitdə NATO Əfqanıstan hakimiyyətinə bütün dəstəyi dayandırıb. Gələcək hökumət Əfqanıstanın beynəlxalq öhdəliklərinə riayət etməlidir; başda qadınlar, uşaqlar və azlıqlar olmaqla bütün Əfqanların insan haqlarını qorumaq; qanunun aliliyini qorumaq; maneəsiz humanitar girişə icazə vermək; Əfqanıstanın bir daha terrorçular üçün sığınacaq olaraq xidmət etməməsini təmin etmək”, - deyə bəyanatda vurğulanıb.

Bəyanatda o da bildirilib ki, son 20 il ərzində NATO Əfqanıstanın terrorçular üçün etibarlı bir sığınacağa çevrilməsinə imkan verməyib: “Heç bir terrorçunun bizi təhdid etməsinə icazə verməyəcəyik. Biz qətiyyətlə və həmrəy şəkildə terrorla mübarizəyə sadiqik”.

NATO XİN başçıları qeyd ediblər ki, Əfqanıstandakı NATO fəaliyyəti barədə ətraflı şəkildə düşünüləcək və lazımi dərslər çıxarılacaq: “Xalqın layiq olduğu sabit və firavan Əfqanıstanı təbliğ etməyə və yaxın gələcəkdə Əfqanıstan və bölgənin qarşısında duran kritik suallara cavab verməyə davam edəcəyik”.