İsmayıl Ağayev: ““Çox yaxşı olardı ki, Şuşa səfərinə dəvət edilən diaspor nümayəndələri özləri ilə Şuşaya yaşadıqları ölkələrdə çalışan, əlaqələrinin güclü olduğu jurnalistləri, ictimai xadimləri də dəvət edəydilər”
Ermənistan-Azərbaycan münaqişəsi dövründə, həmçinin 44 günlük müharibə müddətində Azərbaycan xalqı bir olaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyi bacardı. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında ən böyük iş isə hər zaman olduğu kimi, xaricdəki diaspor təşkilatlarının üzərinə düşdü. Dünya azərbaycanlılarının həmrəyliyi ölkəmizin haqq savaşının dünyaya çatdırılmasına bir dəstək oldu. Bu günlərdə isə diaspor nümayəndələri, xaricdə yaşayan azərbaycanlılar Azərbaycan əsgərinin qəhrəmancasına azad etdiyi, xalqımızın qürur yeri olan Şuşanı ziyarət etdilər. Səfərdə 24 ölkədən 72 soydaşımız iştirak etdi. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mədəniyyət paytaxtına səfərinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkili cəmiyyətdə də müsbət qarşılandı. Ekspertlər də, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyinin haqq səsimizin dünyaya çatdırılmasında rolunun böyük olduğu qənaətindədirlər. Qeyd edək ki, bu məsələdə düşmən diaspor fəaliyyətindən var gücü ilə yararlanmağa çalışır. İndiyədək erməni lobbisinin əsas vəzifələrindən biri qondarma Dağlıq Qarabağ respublikasının tanınması və ona yardım göstərilməsinə nail olmaq idi. Onlar bunun üçün, əsasən ABŞ, Fransa kimi dövlətlərdən kömək almağa çalışırdılar.
Hətta 1990-1994-cü illər ərzində ABŞ-dakı erməni diasporu Qarabağda gedən işğalçı müharibəni maliyyəşdirmək üçün on milyonlarla dollar vəsait toplayıb Ermənistana göndərmişdi. Amma görünən odur ki, erməni lobbisinin apardığı bütün təbliğatlara baxmayaraq Azərbaycan bu sahədə də onlara qalib gəldi. Bu qalibiyyət yalan təbliğatlarla yox ordu, güc, birlik, siyasi iradə sayəsində əldə edildi. Heç sözsüz ki, erməni diasporu xaricdə yaşayan həmvətənlərimizin, diaspor nümayəndələrinin Şuşaya səfərini böyük narahatlıqla izlədi. Sosial şəbəkələrdə diaspor nümayəndələrinin, xaricdə yaşayan azərbaycanlıların Şuşa səfərinə aid böyük paylaşımlar oldu. Bu səfər Azərbaycanın güclü, həmrəy olduğunu bir daha təsdiq etdi.
Rusiya Federasiyasının “Arxangelsk vilayətinin Azərbaycan diasporu” ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov bu günün onun üçün özəl olduğunu qeyd edib və Şuşada keçirdiyi qürur hissindən danışıb:“Ömrümün 47-ci ilini yaşayıram. Biz işğaldan azad olan torpaqlardan keçdikcə düşünürəm ki, mənim üçün ömrümün ən kədərli günü də, ən sevincli günü də budur. Yurdumuzu xarabazar gördük. Amma bu xarabazarlıqdan bir azadlıq boylanırdı. Hər bir çiçəyin, yarpağın, ağacın öz vətəndaşı ilə dialoqunu gördük. Əhəmiyyətli olan odur ki, bu gün bu torpağın əsl sahibi bura ayaq basır. Qarabağ Azərbaycandır! Növbəti dayanacaq da Zəngəzurdur”.
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev işğaldan azad edilmiş torpaqlarımıza diaspor nümayəndələrinin səfərlərinin alqışlanan olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. İ. Ağayev deyir ki, ümumilikdə diaspor nümayəndələrinin işğaldan azad edilmiş torpaqlarımıza getməsi, işğal dövründə həmin torpaqlarda aparılan vandalizm aktlarını dünyaya göstərməsi, bu istiqamətdə beynəlxalq təşkilatlara məktub yazması, məlumat verməsi vacib amildir. Amma İ. Ağayev bu məsələdə bir həssas məqamı unutmamağı tövsiyyə edir. Həmsöhbətimiz deyir ki, onun xaricdə yaşayan azərbaycanlıların Şuşaya aparılmasına, diaspor nümayəndələri ilə birgə səfərinə etirazı yoxdur. Amma İ. Ağayev bu səfərlərdə diaspor nümayəndələrinin əlaqələrindən istifadə edilməsinin çox zəruri olduğunu bildirir: “Çox yaxşı olardı ki, Şuşa səfərinə dəvət edilən diaspor nümayəndələri özləri ilə Şuşaya yaşadıqları ölkələrdə çalışan, əlaqələrinin güclü olduğu jurnalistləri, ictimai xadimləri də dəvət edəydilər. Bu çox mühüm amildir. Mən hansısa xaricdə yaşayan azərbaycanlı tələbənin o səfərə dəvət edilməsinə etiraz etmirəm. Yaxud da hansısa diaspor nümayəndəsinin işğaldan azad edilmiş torpaqlarımıza getməsini pisləmirəm. Amma daha yaxşı olardı ki, onlar həmin ölkədən çox yaxşı əlaqə qurduqları əcnəbi jurnalisti, ictimai xadimi də gətirəydilər. Biz çalışmalıyıq ki, Azərbaycanın haqq səsini xarici ölkələrin jurnalistləri, ictimai-siyasi xadimləri dilə gətirsin. Diaspor təşkilatları bu məsələni mütləq diqqətdə saxlamalıdırlar”.
İ. Ağayev bildirir ki, işğaldan azad edilmiş torpaqlarımızda təcavüzkar dövlətin əməlləri diaspor təşkilatlarının əlaqələri ilə dünyaya daha geniş masştabda çatdırılmalıdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmalı, onların diqqəti işğalçı dövlətin vəhşi əməllərinə yönəldilməlidir.
Qeyd edək ki, Azərbaycanın sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşməsi istiqamətində bu günə qədər xeyli nailiyyət əldə olunub. 50 milyon azərbaycanlının bir amal uğrunda birləşməsi isə sözsüz ki, düşmənə böyük zərbə olmaqla yanaşı, bu dövlətin əsl simasının dünyaya çatdırılmasına töhvə verəcək. Necə deyərlə, “El bir olsa, dağ oynadar yerindən!”.
Gülayə Mecid
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
İstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi