Xəbər verildiyi kimi, son günlər ölkədə koronavirusa yoluxma halları artmaqda davam edir. Bu ilin əvvəlinə qədər, vaksinasiya prosesindən sonra pandemiyanın bitəcəyi proqnozlaşdırılsa da, yoluxma və ölüm hallarının artması qeyri-müəyyən vəziyyət yaradıb. “Unikal” qəzetinə müsahibə verən ADP sədrinin müavini, həkim Həsrət Rüstəmovla söhbətimiz də elə bu mövzuda oldu.

Unikal.org müsahibəni təqdim edir:

-Həsrət bəy, öncə yoluxma ilə bağlı vəziyyəti dəyərləndirməyinizi istərdik. Vaksinləşmə prosesinin genişlənməsinə baxmayaraq. yenidən yoluxma artdı, vəziyyət kritikləşdi. Səbəb nədir?

- Təəssüf ki, Covid-19 infeksiyasının yenidən alovlanmasının şahidiyik. Artıq ötən il olduğu kimi reanimasiya şöbələrindəki boş çarpayıların sayı demək olar ki, yoxdur. Üstəlik hər gün xəstələnmə ilə bağlı statistika yüksələn istiqamətdə sürətlə davam edir. Növbəti alovlanmanın içərisində olmağımız artıq heç kimə qaranlıq olmamalıdır. Səbəblərə gəlincə əsas səbəb təbii ki, virusun mutasiyaya uğramış yeni ştammının bizim ölkəyə də gəlib çıxmasıdır. Söhbət “delta” ştammı kimi adlandırılan Hindistan variantından gedir. Zatən bizədək digər ölkələrdə, xüsusilə də qonşu Rusiya, İran və Gürcüstanda olan sonuncu alovlanmanın əsas səbəbi olan variant karonavirusun bizə keçməsi an məsələsi idi və bu da baş verdi. Bu variantın əsas xüsusiyyətlərindən birinin də aqressiv yayılma xüsusiyyətinin olmasını nəzərə alsaq vəziyyətin hara doğru getdiyini təsəvvür etmək heç də çətin olmaz. Vaksinləv bağlı isə onu deyim ki, əvvəla bizim ölkədə tam doza vaksin almış insanların sayı əhalinin təxminən 1/5-ni əhatə edir. Yəni vaksinləşmənin genişliyindən danışmaq mümkün deyil. Bu rəqəm heç olmasa əhalinin 50%-ni təşkil etsəydi, onda yəqin ki, başqa mənzərənin şahidi olardıq. Xüsusilə də xəstəxana yatışları, ağır xəstə sayı və ölüm statistikası daha az olacaqdı. Digər səbəb də məhz budur ki, vaksin nəticəsində yaranmış immunitet və ya xəstələnib sağalmış şəxslərin immuniteti mutasiyaya uğramış koronavirus variantına qarşı tam qoruya bilmir. Yalnız ağır xəstələnmənin və bunun nəticəsində baş verən ölümün qarşısını 100%-ə yaxın bir səviyyədə alır. Dünyada aparılan tədqiqatlar da, bizdəki statistik təhlil də bunu göstərir.

-Vaksinləşməyə münasibət ortadadır. İnsanlar niyə bu qədər inamsız yanaşır? Günah insanlardadır, yoxsa prosesin təşkilatçılarında?

-Vaksinə qarşı olan bu cür münasibət əvvəllər də olub. İnsanlar vaksinlərin əlavə təsirlərini həddindən artıq şişirdən çoxlu uydurmalar danışaraq tibb işçilərinin işini çətinləşdirirdilər. Sadəcə, bu gün vaksin əleyhinə yanlış təbliğatın miqyasının genişliyi xeyli dərəcədə sosial şəbəkələrdə sərbəst məlumat yaymaq imkanları ilə bağlıdır. Vaksin əleyhinə aparılan təbliğatın mütləq əksəriyyəti əsassız, elmi dəlillərə söykənməyən dedi-qodudan başqa bir şey deyil. Amma əsas məsələ təbii ki, bu işin bizdə pis təşkil olunmasındadır. Qardaş Türkiyədə nazir Fəxrəddin Qocanın apardığı təkbaşına təbliğata və ona müvafiq bizdəki boşluğa diqqət etsək vəziyyət aydınlaşar. Başqa sözlə desək, günahın əsas hissəsi hökumətdə, bu işi yüksək səviyyədə görmə vəzifəsi üzərində olan şəxslərdədir.

-Bəziləri bu prosesin hansısa qüvvələr tərəfindən idarə olunduğunu iddia edir və bu pandemiyanın hələ çox davam edəcəyini duşunur. Siz bu komproteorilər barədə nə deyə bilərsiniz?

- Fikrimcə, bu məsələ də daha çox insan təxəyyülünün məhsuludur, nəinki obyektiv gerçəklik. İnsanlar həmişə əfsanələrə qulaq asmağı seviblər. Mən bu xəstəliyin bu cür yayılmasını hansısa fövqalgücün insanları cazalandırması kimi dəyərləndirməyin tərəfdarıyam. Bəşəriyyət Yer kürəsini, onun təbii resurslarını vəhşicəsinə dağıtmaqdan əl çəkməsə və qlobal ekologiyaya maksimum diqqət ayırmasa bu cür hallar ilə daim qarşılaşacaq.

-İstər pandemiyaya qarşı mübarizə, istərsə də vaksinləşmə prosesi ilə bağlı hökuməti tənqid edənlər var. Sizcə, Azərbaycan hökuməti həm sosial, həm tibbi, həm iqtisadi cəhətdən lazım olan tədbirləri həyata keçirirmi?

- Yuxarıda qeyd etdiyim kimi ölkədəki vəziyyətin əsas cavabdehi hökumət olduğu üçün onun tənqid olunması olduqca təbiidir. Üstəlik nəzərə alsaq ki, bu sahədə də yeni rüşvət və korrupsiya hallarını hakimiyyət özü də etiraf edir, onda vəziyyətin ağırlığı tam aydınlaşar. Bəli, ölkəmizin imkanları var, biz fəxrlə deyirik ki, vaksinmiz, dərmanımız, aparatlarımız var. Amma bu sistemin arxasında əliəyrilik, oğurluq təfəkkürü durursa, bu var-dövlətin xalqa faydası olmur. Ona görə də hakimiyyət əgər effektli fəaliyyət göstərmək istəyirsə, “ənənə və vərdişlər”indən əl çəkib, heç olmasa, tibb sahəsində şəffaflığı artırmalıdır. Xalqı ilk növbədə bol, şəffaf və obyektiv informasiya ilə təmin etmək lazımdır ki, xalq da yalanlara inanmasın.

-Bu prosesdə cəmiyyəti yönləndirmək üçün siyasi qüvvələrin üzərinə hansısa yük düşürmü, düşürsə, müxalifət lazımi dəstəyi verirmi?

-Siyasi qüvvələr kifayət qədər işləyirlər. Xüsusilə də kütləvi təbliğat məsələsində məncə hakimiyyət müxalif siyasi qüvvələrə, ictimaiət nümayəndələrinə uduzur. Amma məsələnin maraqlı tərəfi odur ki, ictimai rəyə ciddi təsir edən, onu bir çox məsələdə olduğu kimi bu xəstəliklə bağlı yaranmış vəziyyətdə də yönləndirənlərin heç birinin rəsmi statusu yoxdur. Başqa ölkələrdə olduğu kimi onlar parlamentdə və ya digər seçkili qurumlarda yoxdurlar. Orada olanların isə sözünə əhəmiyyət verən yoxdur. Yəni xalqın gözü tərəzidir, baxır görür ki, ona həmişə yalan danışmış, işi-gücü öz şəxsi xeyrini güdmək olan bir deputat və ya hər hansı bir məmur koronavirusdan, vaksindən , nə bilim xalqa qayğıdan danışır, dərhal kanalı dəyişir ki, bu süni qayğıkeşlikdən xilas olsun. Başqa cür desək vəziyyət elə formalaşıb ki, müxalif siyasi qüvvələrin və ictimai statusu olan digər şəxslərin doğru, elmi dəlillərə əsaslanan təbliğatı olduqca önəmlidir. Amma burada da əsas məqsəd xalqı doğru istiqamətə yönəltmək olmalıdır, opportunist meyllərdən qaçmaq lazımdır. Hamımız çalışmalıyıq ki, xalqımız bütün dünyanı cənginə alan bu bəladan mümkün qədər az itki ilə çıxa bilsin.

Z.Məmmədli