Məhəmməd Nooyev: “Müharibə dövründə erməni diasporu Azərbaycanda yaşayan azsaylı xalqlardan dəstək almaq istəsə də buna nail olmayıb”
“Multikultrallıq Azərbaycan xalqının həyat tərzidir”. Bu söz artıq aforizmə çevrilməkdədir. Əsrlərdir birgəyaşayış mədəniyyəti nümayiş etdirən Azərbaycanda çoxsaylı etnik xalqlar yaşayır. Azsaylı xalqlaradinc şərait, heç bir ayrıseçkiliyin qoyulmaması onların ölkəmizdə əsrlərdir ki, yaşamasına səbəb olan əsas amildir. Bu gün Azərbaycanda nəinki milli, həmçinin dini zəmində də heç bir münaqişə qeydə alınmır.
Xalqımız etnik xalqların dini baxışına, dəyərlərinə hörmətlə yanaşır, onlara dini ayrıseçkilik qoymur. Hazırda ölkəmizdə əsrlər əvvəl yaşayan xalqların dini abidələri də qorunaraq saxlanılır.
Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev deyir ki, bu gün ölkəmizdə yaşayan bütün azsaylı xalqlar Azərbaycanı öz vətənləri hesab edir. Onun sözlərinə görə, 44 günlük müharibədə azsaylı xalqların birliyi bunu bir daha sübut etdi: “Öncə qeyd edim ki, Azərbaycan azsaylı xalqların sülh, əminamanlıq, birlik içərisində yaşadığı ölkələr içərisində nümunədir. Azərbaycanın adı multikultral ölkə kimi digər ölkələrə örnək göstərilir. Bu təsadüfi deyil. Dünya ölkələri Azərbaycanın birgəyaşayış mədəniyyətini öyrənir. Çünki, Azərbaycanda heç bir etnik qrup özünə qarşı yad münasibət görmür. Bu gün Azərbaycanda rusa, inqiloya, talışa, avara münasibət azərbaycanlılara olan münasibətdən seçilmir. Ona görə də bütün xalqlar ölkəmizdə azərbaycanlı adlanır. 44 günlük müharibədə də azsaylı xalqlar birlik nümayiş etdirdi. Ləzgi, talış, avar fərq qoymadan Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyü uğrunda rəşadətlə döyüşdü. Azsaylı xalqlar düşmən üzərinə çağırış gözləmədən, könüllü şəkildə getdilər. Könüllü döyüşə yollanan yüzlərlə Azərbaycan oğulları arasında azsaylı xalqların olması da bu xalqın bütövlüyünün təzahürü idi”.
M.Noayevin sözlərinə görə, müharibə dövründə erməni diasporu Azərbaycanda yaşayan azsaylı xalqlardan dəstək almaq istəyib. Müharibəni dəstəkləməmək üçün onlara məktub da göndərib. Amma azsaylı xalqların cavabı da gecikməyib: “Erməni diasporu müharibə dövründə bizə məktub yazaraq bizdən müharibəyə qarşı çıxmağı, Ermənistana dəstək verməyi istəyirdi. Biz isə onların cavabını lazım olan kimi verdik. Onlara məktub yazmaqla yanaşı bununla bağlı bəyanat da verdik. Bildirdik ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpaqlarıdır. Bu torpaqların işğaldan azad edilməsi üçün Azərbaycanda yaşayan bütün azsaylı xalqların oğulları müharibədə döyüşür, bir yumruq ətrafında sıx birləşərək Ali baş komandana dəstək verir. Bizim bu bəyanatımız onlara cavab oldu ki, bu xalqın birliyini heç kəs dağıda bilməz. 44 günlük müharibədə avarlar şəhid verdi. Təkcə Zaqataladan 40-dan çox igidimiz şəhid oldu. Onlar bu torpaq uğrunda ölümə getdilər. Buna isə səbəb onların Azərbaycanı öz vətəni hesab etməsi idi”.
M. Noayev bu gün ölkəmizdə dininə, irqinə, milli mənsubiyyətinə görə heç kəsə ayrıseçkilik qoyulmadığını söyləyir. Birliyin sədri deyir ki, bütün azsaylı xalqlar Azərbaycanı öz vətəni hesab edir, burada dinc və mehriban yaşayır: “Bu gün bütün azsaylı xalqlara ölkəmizdə münasibət eynidir. Onlar da
hər bir ölkə vətəndaşı kimi hüquqlarından istifadə edir. Vəzifələrə təyin edilmədə və sair məsələlərdə etnik xalqlara heç bir məhdudiyyət qoyulmur. Ölkəmizdə azsaylı xalqlara göstərilən multikultral davranış dünyaya örnəkdir” deyə bildirir .
Bu gün Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzi olaraq, uzun illərdir ki, ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Onu da qeyd edək ki, Azərbaycanda multikulturalizm siyasətinin əsasının qoyulması mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. Konstitusiyamızın 48-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Müasir Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizmin inkişafına Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi mühüm töhfə olub. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və ictimai fikrinin formalaşmasında, eləcə də torpaqlarımızın, ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı doğma Vətəni saydıqları, burada özlərini azad və sərbəst hiss etdiklərinə görə Azərbaycanın müdafiəsinə qalxıblar. Bu gün Şəhidlər xiyabanlarında ləzgi, talış, avar, udin, ingiloy və digər oğulların məzarları var. Ölkəmizin bütövlüyü uğrunda döyüşən qazilər arasında çoxmillətliliyə rast gəlmək olar. Buraya rus millətinin nümayəndəsi Denisi, avar Nəcməddini və daha neçə azsaylı xalqların nümayəndələri olan şəhidlərimizi daxil etmək olar...
Gülayə Mecid
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi