Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
Unikal.org xəbər verir ki, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Qardaş Özbəkistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Ötən dövr ərzində Sizin müdrik rəhbərliyiniz altında Özbəkistanda
sosial-iqtisadi tərəqqi və digər sahələrdə mühüm nailiyyətlərin əldə edilməsi qardaş dövlət olaraq bizi çox sevindirir.
Qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Bu münasibətlərimiz siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksək inkişaf səviyyəsi ilə səciyyələnir.
Əminəm ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində atdığımız birgə addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Özbəkistan Respublikasına daim əmin-amanlıq və firavanlıq diləyirəm".