DİN dünən 7 saylı Şəhər Poliklinikasın şüşə qapısını sındıraraq 3 həkimə xəsarət yetirən şəxslə bağlı araşdırmaya başlayıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. O, bildirib ki, həmin şəxsin kimliyi məlum olub:

“Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə DİN rəsmisi qeyd edib.

***

11:51

Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.

"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub", - məlumatda qeyd edilib.