Prezidentin bəyanatı siyasi mühiti dəyişdi
13:00 14-02-2013
İQTİSADİYYAT
Bu mühit islahatlar dövrü adlanacaq
Prezident regionda yeganə güc olduğunu sübut etdi
Prezident İlham Əliyevin son çıxışı demək olar ki, Azərbaycan cəmiyyətində bir silkələnmə oldu. Çünki bu çıxış həm formaca, həm də məzmunca kifayət qədər fərqli oldu və bir sıra məqamlar olduğu kimi ortaya çıxarıldı. Bu günə qədər prezident İlham Əliyev məmurları hansısa məsələlərdə tənqid etmiş,bəzənsə cəzalandırmışdı. Amma bu dəfə məmurlara sərt xəbərdarlıq məhz vətəndaşlara görə edildi. Gəlin prezidentin çıxışından bir məqama baxaq :-“ İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir.
Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqiq edilməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da var”. Bununla da prezident məmur-vətəndaş münasibətlərində ki, çatları çılpaqlığı ilə ortaya çıxartdı və cəmiyyətə kifayət qədər açıq bir mesaj verdi ki, o məmur toplusunun yox, xalqın yanındadır. Bunu da qeyd edək ki, bu günə qədər müxalifət simaları mövcud hakimiyyəti tənqid edərkən bu faktora daha çox önəm verir və bununla da narazı sosial bazanı ətraflarına toplamağa çalışırdılar. Amma prezidentin son bəyanatı sübut etdi ki, bu arqumentlər keçərli deyil və prezident bu açıqlaması ilə həm də müxalifəti tərki-silah etdi.
İcra başçılarına silkələnən barmaq
Bu gün ölkədə ən acınacaqlı hallara əsasən bölgələrdə rast gəlmək olur. Demək olar ki, bir çox rayonlarda əhali məmur özbaşınalığının qarşısında aciz qalıb, bəzi hallarda bilərəkdən haqları tapdalanır, rayonlarda iş adamları çıxılmaz duruma salınır və rayon rəhbərləri faktiki olaraq rayona bir monopolist meydan kimi baxırlar. Son zamanlar ortaya çıxan eybəcərliklərdən biri də yeni gələn icra hakimiyyəti başçılarının rayonlarda iş adamlarına məxsus əmlakları əllərindən almaları, ticarət mərkəzlərini dağıtmalarıdır. Son bir ildə yalnız Gəncə, İmişli rayonlarından gələn bu cür şikayətlərin sayı yüzü keçib. Bundan başqa sahibkarlığın inkişafı üçün bölgələrə ayrılan vəsaitlərdə demək olar ki, yoxa çıxır və ya başçıların nəzarətində olan şəxslər tərəfindən mənimsənilir. Bundan başqa icra başçılarının gəlir əldə etmək üçün istifadə etdikləri metodlardan biri də abadlıq işləridir. Demək olar ki, əksər rayonlarda sahibkarlar bu yolla talan edilir, rayonlara ayrılan vəsaitlər isə icra başçıları tərəfindən rahatlıqla mənimsənlirdi. Prezident bu məsələnində diqqətdə olduğunu bildirdi və bununla da bağlı son xəbərdarlığını bəyan etdi:-“Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir”.
Harınlığa son
Son zamanlar müşahidə olunan və kifayət qədər kütləviləşən başqa bir problem isə məmur ordusunun insanları aşağılayacaq bir həddə gəlib çıxmaları idi. Bir il ərzində Qubada icra başçısının yerli sakinləri təhqir etməsi və buna görə kütləvi iğtişaşların olması, İsmayıllıda nazir oğlunun sakinləri təhqir etməsi və yenə də kütləvi iğtişaşların olması faktdır və buda məlum oldu ki, bu hadisələri siyasiləşdirməyə çalışan qüvvələr var. Çox qəribədir ki, bu toplumu təhqir edən, aşağılayan məmur ordusu sonradan siyasi məsuliyyətdən yayınmağa çalışır və nəticədə hadisələr nəzarətdən çıxmış hala düşür. Bunu da qeyd edək ki, istər Quba hadisələri, istərsə də İsmayıllı olayı dünya mətbuatında belə işıqlandırıldı və az qala bu bir üsyan kimi tərənnüm edildi. Halbu ki, bu sadəcə bir məmur harınlığı idi. Məhz buna görə də prezident xəbərdarlığını etdi:-“ Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır.
Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları”.
Mərkəzdənqaçmaya ağır zərbə
Prezidentin keçirtdiyi son müşavirədə bir məsələyə də mövqe bildirdi və bu mövqedən geri çəkilməyəcəyini də nümayiş etdirdi. Söhbət hakimiyyətdaxili proseslərdən gedir. Son zamanlar bəzi oliqarx məmurlar və ya yerli icra başçıları mərkəzdənqaçmaya ya meyillənir, ya da hansısa oliqarxların nəzarətində olmağa çalışırdılar. Rusiyada “Milyarderlər İttifaqı”nın yaranması zamanıda aydın oldu ki, istənilən həssas məqamda hakimiyyət daxilində qüvvələr üz-üzə belə gələ bilərlər. Bu gün isə İlham Əliyev konkret mövqeyini ortaya qoydu və açıq şəkildə bəyan etdi ki, bu cür hallar bağışlanmayacaq. İlham Əliyevin bu çıxışı əslində 2006-cı ildə ki, çıxışını yada salır. Həmin zamanda prezident sərt açıqlama verdi və bəyan etdi ki, dövlət məmurları öz işləri ilə məşğul olmurlar. Bir qismi siyasətə, bir qismi isə var-dövlət toplamağa başını qatıb. Buna görə də həmin məmurlara bildirildi ki, öz vəzifələri ilə məşğul olsunlar. Nəticədə nə baş verdi? Əli İnsanov, Fərhad Əliyev kimi nazirlər rüşvətxorluğa görə həbs edildi, Əli Nağıyev və bir neçə nazir postlarından kənarlaşdırıldılar. Güman etmək olar ki, bu gün yaranan anormal vəziyyətə görə hakimiyyətdə ciddi kadr islahatlarına start veriləcək və şəraitdən bəhrələnməyə çalışanlar oyundan kənarlaşdırılacaq.
Seçki bəyanatı
Əksər müşahidəçilər hesab edir ki, Prezident İlham Əliyevin bu açıqlaması həm də qarşıdan gələn 2013-cü il prezident seçkilərinə bir hazırlıq mesajıdır. Çünki prezident açıqlamasında daha uzaq məsafəyə hədəfli olduğunu açıq-aşkar nümayiş etdirdi. Əslində ekspertlər bildirir ki, bu gün İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olmaması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur. Çünki ölkədə İlham Əliyevə alternativ qüvvə yoxdur və bu gün İlham Əliyevin həyata keçirtdiyi xarici siyasət qərbin və ABŞ-ın regionda qalmasını şərtləndirən ən başlıca səbəbdir. Gəlin, bir sıra məqamlara baxaq. Bu gün Rusiya Ermənistanı demək olar ki, tam nəzarətinə alıb və hazırda Gürcüstanda Rusiyanın qucağına doğru addımlayır. Bu biri tərəfdən isə artıq əksər possovet ölkələri Rusiyanın təşkil etdiyi və sovetlər birliyini xatırladan Avrasiya İttifaqına üzv olmaq üzrədir. Bu günə qədər bu proseslərin qarşısında dayanan, qərbyönümlü siyasətində dəyişiklik etməyən tək qüvvə isə Azərbaycandır və sözsüz ki, İlham Əliyevin yürütdüyü siyasətdir. Bu baxımdan hesab etmək olar ki, İlham Əliyevin yenidən prezident seçilməsi nəinki Azərbaycana, həm də ümumilikdə regionun təhlükəsizliyinə lazımdır. Bu arqumentləri də nəzərə alsaq, ölkə daxilində İlham Əliyevin nüfuzunuda qeyd etsək onun yenidən prezident seçilməsinin real olmasını görərik. Başqa bir məqam isə budur ki, prezident keçirtdiyi son müşavirə də həm də komandasında islahatlar aparacağını aydın şəkildə bildirdi. Beləliklə hesab etmək olar ki, keçirilən son müşavirə ölkənin siyasi gündəmini ciddi şəkildə dəyişəcək və yeni mühitlə üz-üzə qalacağıq. Bu mühitə isə islahatlar mühiti demək olar. (Unikal qəzeti)
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40