Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Soçidə baş tutacaq danışıqlarda bir çox məsələləri, xüsusi halda, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq", - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Daha əvvəl Ərdoğan bildirib ki, həmkarı ilə Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcək.

Qeyd edək ki, iki prezidentin son birbaşa görüşü 2020-ci ilin martında Kremldə olub. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib.