“Balamı dənizdən tapa bilmirdilər. İki dəfə bərkdən “Bəhruz” deyə çağırdım, 10 dəqiqə keçmədi, tapdılar...”
“Mən Bəhruz böyütmüşəm, Bəhruz doğmuşam. Bəhruz şahindir, Şahdır. Şahların başında qızıldan tac olur. Mənim balamın başının tacı pilot papağı idi. İndi o tacı anasının başına qoyub, onu sultan edib. Sultan balam”. Qara geyimli, üzü dərddən solmuş, taqəti qırılmış, bir gecəyə beli bükülən ana söyləyir bunları. Başı hicablı xanım ürəyinin üstündə saxladığı oğlunun papağını çıxardır, öpür, başına qoyur...
...Yanında hər kəsi göz yaşına qərq edir. Tamam ananın fəryadı yerə-göyə sığmır.
Oğlu iki gün əvvəl helikopter qəzasında həlak oldu. Fevralın 11-i səhərini 3 zabitimizin ölüm xəbəri ilə açdıq. Xəbər yayıldı ki, saat 10:30 radələrində Qaradağ rayonu ərazisindəki Şıxov çimərliyi istiqamətində uçan hərbi helikopter qəfildən dənizə düşüb. Xəzərə düşən “Mİ-17”-də 3 nəfər olub. Onlar helikopteri idarə edən zabitlər - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğludur. Rüstəm Zeynalov Cəlilabadda, Yaşar Əhmədov Qazax rayonunda torpağa tapşırıldı. Bəhruz Zeynalov isə Bakıda torpağa tapşırıldı.
Bu gün onların ölümündən 3 gün keçir. Şəhid zabitlərdən biri, Bəhruzgilin həyətindəyik. Qaçqınlar üçün nəzərdə tutulan yataqxanada məskunlaşan ailə üç gündür ki, yas içindədir. Həyətlərində iki böyük yas çadırı qurulub. Hər iki çadırın üzərindən üçrəngli Azərbaycan bayrağı asılıb, qara və qırmızı kəlağayılar bağlanıb. 24 yaşlı şəhidin ruhuna dualar oxunur, ağılar səslənirdi. Halbuki, tale imkan versəydi, onlar aprelin 21-də həmin ailəyə gözaydınlığı vermək üçün gələcəkdilər. Axı Bəhruz toy gününü aprelin 21-nə təyin etmişdi. Amma qismət olmadı... 24 yaşlı oğlunun yas çadırının qarşısında dayanan Bəhruzun atası Novruz Zeynalovun gözlərində donub qalmış sevincin yerini ümidsizlik alıb. Evinə gəlin gətirməyə hazırlaşan ata öz çiyinlərində sevimli oğlunu məzara qoydu. Tanıdığı və tanımadığı yüzlərlə insanlar ona yaxınlaşaraq, dərdinə şərik olmağa çalışırlar.
Qadınlar üçün quraşdırılan çadıra daxil olduq. Ağı və mərsiyə səsi göyə ucalır...
“Dəryaları fəth edən, balam”
Həyat yoldaşı, qardaşı və nəhayət, oğlu hərbçi olan Tamam ana elə hey oğlundan danışıb, dururdu. “Sözümü kəsməyin, doyunca oğlumdan danışmağa icazə verin” - deyir: “Evdə Bəhruza qulluq edəndə həmişə 3 dəfə deyirdi: “Sağ ol, ana... Sağ ol, sağ ol”. Deyirdim, Bəhruz, niyə sən hamıdan fərqli sağ ol deyirsən? O da cavabında “Axı sən hərbçi anasısan. Sən mənim generalımsan. Biz generallara Sağol, Sağol, Sağol deyirik. İndi mən də oğluma deyirəm. Sağ ol, oğul, Başımı uca elədin. Sağ ol! Gözlərim aydın. Sən zirvələri də fəth etdin, dəryaları da. Onu heç kim edə bilməzdi”.
4 yaşlı hərbçi
Tamam xanım deyir ki, Bəhruz elə körpəlikdən özünü hərbiçi kimi aparıb. Onu başqa peşədə görmək fikirlərindən belə keçməyib: “Balam doğulandan çox möcüzəli idi. Onun bir hərbi yeriş-duruşu var idi. Çox taktikalı uşaq idi. Qarşısındakından qüvvətli olsa da, ona heç vaxt qələbə çalmazdı. Zəiflərə gücünü göstərmirdi. Bax mənim balamın əqidəsi bu idi. Qardaşım da hərbçidir. Bəhruzun hələ 4 yaşı var idi. Dayısı, atası və qardaşı Elgizlə hərbi hissəyə gediblərmiş. Atası ilə Elgiz adi yerişlə yeriyirdi. 4 yaşlı Bəhruzum isə generala hərbi salam verərək keçib, hərbçi addımları ilə irəliləyib. Onda Aydəmirov (general-leytenant Yaşar Aydəmirovu nəzərdə tutur –J.M.) yaxınlaşıb və deyib ki, sən mütləq hərbçi olmalısan. Papağını çıxarıb, Bəhruzun başına qoyub. Sonradan Bəhruz andiçməsində Aydəmirovla şəkil də çəkdirmişdi. Oğluma düzgün yol göstərirdi. Əsl hərbçi kimi yetişirdi oğlum”.
Ağlayan başdan ağlar,
Kirpikdən, qaşdan ağlar,
Qardaşı ölən bacı,
Durar obaşdan ağlar.
Yas mərasimində iştirak edən xanımlardan biri dedi bu ağını. Bəhruzun bir bacısı Günaya həsr etdi. Xəbər çıxandan bəri Günayı sakitləşdirmək olmur, deyir.
...Qardaşının qəzaya düşməsi xəbərini atası ilə İranda olarkən eşitdiklərini deyən Günay, yol boyu nəzir-niyaz da deyibmiş: “Həmin gecəni səhərə qədər yata bilmədik. Atamın da, mənim də təzyiqim qalxdı. Atam “ürəyim sıxılır”, “partlayıram” deyirdi. Sən demə, oğlunun çırpındığını hiss edirmiş. Sərhəddə olarkən radioda belə xəbəri eşitdik. Atam dedi ki, Günay, belimiz qırıldı. Həkim dostlarına zəng etdi. Onlar da bizə dedilər ki, narahat olmayın xəstəxanaya aparmışıq. Əlimi göyə qaldırıb dedim, Ay Allah, mənim canımı buradaca al, qardaşıma heç nə olmasın. Qurbanlar kəsəcəkdim, nəzirlər paylayacaqdım. Təki, qardaşım yaşasın. Biz gələndə isə artıq onu məsciddə yuyurdular”.
Qaçqın düşən ailə
Günay məni yaşadıqları mənzilə apardı. Bəhruzgil qaçqınlar üçün nəzərdə tutulan yataqxanada məskunlaşıblar. İkinci mərtəbəyə qalxdıq. Kiçik otaqda Bəhruzun hərbi geyimi, kitabları, fotoları var idi. Bacısı durmadan ondan danışır. Aldığı sertifikatları, tərifnamələri göstərir. Onu da qeyd edim ki, Zeynalovlar ailəsi əslən Ağdam rayonundandırlar. Evin başçısı Novruz Zeynalov hərbi hissədə həkim olub. Müharibə zamanı ağır yaralanıb. Ağdam işğal olunandan sonra Bakıda məskunlaşıblar. Ailənin böyüyü Günaydır, ortancıl Elgiz, ən kiçikləri isə Bəhruz olub. Qaçqın düşərkən Bəhruz 4 yaşında imiş. Bacısı qardaşının ağır şəraitdə böyüdüyünü deyir: “Bacın sənə qurban, qardaş. Qaçqınlıqla böyüdün. Hamıdan çox əziyyət çəkdin. Zəhmətinin bəhrəsini görə bilmədin”. Günay deyir ki, uşaqlıqdan atası onlara vətənpərvərlik mövzularında söhbətlər edərmiş. Bu mövzularda edilən müzakirələr Bəhruzun hərbiçi olmaq həvəsini gündən günə artırıb.
7 yaşlı oğlanın rəis dostları...
Deyir, Bəhruz hələ uşaqlıqdan vəzifəli insanlarla oturub dururdu: “Bəhruzun 7 yaşını qeyd edirdik. Bir də gördük ki, qapı döyüldü, yaşlı kişilər gəldi. Bəhruza oyuncaq təyyarə almışdılar. Gələnlər arasında polis rəisi, çörək sexinin müdiri də var idi. Onlar soruşanda ki, Bəhruz bu evdə yaşayır? Hamımız təəccübləndik və narahat olduq. Sən demə, bunlar evimizin yanına tez-tez gəlirlərmiş. Bəhruz onlarla dostlaşıb. Pilot olmaq arzusunda olduğunu deyib. Dostlarını ad gününə dəvət edib. Atam həmin hadisəyə görə elə qürurlanmışdı. Fəxrlə deyirdi, görün mənim oğlum kimlərlə oturub-durur.
Sonuncu görüş
“Axırıncı görüşümüz İrana getməzdən öncə oldu. Bizi o yola saldı. Taksi ilə getməyimizə razı olmadı. Bir az ordan-burdan söhbət etdik. Planlarından danışdı. O, hər şeyi özü etmək istəyirdi. Ata-anama əziyyət vermirdi. Ən sonda toy haqqında danışdıq. Çox sevincli idi. Toyun gözəl keçməyi üçün çoxlu ideyalar səsləndirirdi. Axır vaxtı toylarda çox oynayırdı. Fevralın 10-da dayım qızının nişanı idi. Həmin gün o qədər rəqs etmişdi ki. Özü də deyim ki, çox gözəl rəqs etməyi var idi. Bütün məclis ona tamaşa edirdi. Bəhruz oynayanda hamı geri çəkilirdi. Canıyanan uşaq idi. Nə vaxt yolda yaşlı dilənçilər görürdü, özünə gələ bilmirdi. Uşaqla uşaq, böyüklə böyük idi qardaşım. Ramil Səfərovun azadlığa çıxmağı üçün dualar edirdi. Mən deyirdim inanmıram ki, Ramil qayıtsın. Deyirdi, ümidinizi üzməyin, dualar edin. Ramil Azərbaycana gələndə sevindiyindən ağladı. “Bəlkə də Allah mənim dualarımı eşitdi” - deyirdi. Ramillə çox fəxr edirdi. Telefonuna Mübariz, Ramil və Fəridin şəkilini qoymuşdu. Elə bil onlarla yarışa girmişdi. İndi bilirəm ki, onların ailəsi nə çəkir... Fəridlə Mübariz dilindən düşmürdü (Ağlayır).
Tamam xanım və daha bir neçə qadın namaz qılmaq üçün evə gəlirlər. Günorta namazını qılırlar, oğlunun ruhuna dualar oxunur. Sonra yenidən Bəhruz haqqında danışmağa başlayır və oğlu həlak olan günə qayıdır.
“Balamın bir xasiyyəti var idi. Heç vaxt icazə verməzdi ki, onun ayaqqabılarını təmizləyim. Hələ mən ayaqqabı geyinəndə əyilib mənim ayaqqabımı geyindirərdi. Hər axşam çəkmələrini təmizləyib, sabaha hazırlayırdı. Paltarlarını mənim yumağıma icazə verməzdi. Deyirdi ki, yataqxanadayıq. Sən daha çox əziyyət çəkmə. Çox zaman mən yorğun olurdum, səhər namazına qalxa bilmirdim. Bəhruz namazını qıldıqdan sonra sakit səslə qolumdan tutub oyadırdı. Səhər yeməyini hazırlamağıma icazə vermirdi. Deyirdi, axşam gələndə qulluq edərsən. Ən sonuncu gün də elə oldu. Bəzəndi, düzəndi, getdi işə. Sonra isə balamın ölüm xəbərini aldım.
...Şahidlər deyir ki, vertolyot Binə ticarət mərkəzinin üstündə dövrə vurub. Pilotlar vertolyotun insan olan yerə düşməməsi üçün dənizə doğru hərəkət ediblər. Onlar daha neçə ananın gözünün yaşlı qalmağına imkan verməyiblər. Mənim balam səmaları fəth elədi. Gəlib dəryaların dibinə endi. Xəbəri eşidən kimi hadisə baş verən yerə getdik. Gördüm ki, balamı tapmayıblar. İlahidən səsimə elə güc gəldi ki, iki dəfə bərkdən “Bəhruz” deyə çağırdım. On dəqiqə keçmədi tapdılar. Balam elə bil səsimi eşitdi. Mənim balam ağıllı idi. Göydən faciə ilə dənizə düşdü, heç bir yerində zədə izləri də yox idi. Allah-təala buyurur ki, alimin qələmi şəhidin qanından irəlidir. İndi mən fikirləşirəm ki, mənim balam birinci alim oldu. Sonra fateh oldu. Səmaları fəth etdi. Oğlum həmişə deyirdi, cənnət anaların ayaqları altındadır. Balam anasının ayağına şəhid kimi gəldi”.
“Gəlinlik yoldadır, balam isə yoxdur”
Tamam xanım deyir ki, oğlunun toyuna ürəklə hazırlaşırdı. Bir gün öncə Bəhruzla nişanlısı Jalə gəlinlik sifariş veriblər: “Allaha şükür edirəm ki, balam şəhidlik zirvəsinə ucaldı. Amma bala itkisi çox çətindir. 24 yaşında toysuz balamı itirdim. Həmin hadisədən bir gün əvvəl gəlinlik seçmişdilər. Özü də internetdən sifariş verdilər. Dedim, bala, gəl buradan götürək. Hamı necə edir, biz də elə edək. Dedi “yox, ana, Jalə istəyən olsun. Gərək özü bəyənsin”. İndi sifariş verdikləri gəlinlik yoldadır, balam isə yoxdur. Jalə çox qeyrətli, namuslu qızdır. Xarici görkəmcə də eyni ilə Bəhruzun özüdür. Bir həftə əvvəl toyu danışmışdıq. Dedi ki, bazar gününə təyin edin ki, hərbiçi dostlarım toyda rahat iştirak edə bilsin. İşdən tələsik gəlməsinlər. “Ana, iş yoldaşlarım mənim fəxrim, vüqarımdır”, - deyirdi.
Mərasimdə Hamı Bəhruzla Jalənin sevgisindən danışırdı. Bir-birilərini çox sevirlər. Bütün qohumlar onların sevgisinə həsəd aparır. Kimisi dəfn günü nişanlı qızın fəryadından danışırdı. Hamıdan çox Jalə əzab çəkir, deyirlər.
“Balam niyə dəryalara qərq oldu?”
İndi şəhid anasını yalnız bir sual maraqlandırır. Oğlu niyə öldü ? İstəyi yalnız bu suala cavab tapmaqdır: “Sizə yalvarıram, mənə cavab verin. Bu vertolyot yaxşımı təchiz olunmuşdu? Yoxsa, vertolyotmu qırıq idi ? Elə deyildisə niyə partladı ? Yoxsa, onu idarə edənmi savadsız idi? O zaman niyə icazə veriblər ona? Bəs onda niyə yoxlamırdılar? Nasaz olardısa, heç Bəhruz da minməzdi o vertolyota! Yaxşı, bu hadisə niyə baş verdi? Mən istəyirdim ki, balam yaşasın. Ona görə yox ki, mənim oğlumdur. Ona görə ki, onun kimi təmiz insanların artmağını istəyirdim. Bəhruzdan tək-təkdir. Qoymadılar ki, Bəhruzlar artsın, Bəhruzlar doğulsun. Sizə yalvarıram, bu sualıma cavab tapmaqda mənə kömək edin. Niyə mənim balam dəryalarda qərq oldu? Mən başa düşürəm, bu qismətdir, onun məqamı idi, şəhid oldu. Min şükür edirəm. Amma səbəb nə idi? Pilotmu savadsız idi, təyyarəmi nasaz idi?
Leytenantın arzuları...
“Deyirdi, ana, mənim yerlərdə işim yoxdur. Mən göylərdə olmalıyam. Müharibədə öndə özüm gedəcəyəm. Balam arzularından danışırdı mənə. Kərbəla və Məşhəd ziyarətində olmuşam. Həccə getmək istəyirdim. Amma pul yığıb tamamlaya bilməmişdim. Bəhruz dedi, ana, tələsmə səni öz maaşımla Məkkəyə göndərəcəm. Deyirdim, yaxşı olardı sən özün də gedərdin. “Mən hərbiçiyəm, xaricə gedə bilmərəm. Dövlətim necə desə, elə etməliyəm. Səni göndərərəm gedərsən, savabı da mənə yazılar”.
“Şəhid olmaq istəyirəm”
“Atası ona “şahinim mənim” deyirdi. Bəhruzun telefonunda 3 qəhrəmanın şəkli var idi. Mübariz, Ramil, Fərid. Deyirdi, ana, Allah insana o taleyi qismət etsin. Şəhid olmaq şərəflidir. Mənə də qismət olsun. Mən istəmədim. Dedim, elə demə bala, mən oğul istəyirəm. İstəyirəm ki, oğlum yaşasın. Azərbaycana özü kimi övladlar versin. Amma Allah onun səsini eşitdi, mənim səsimi eşitmədi. Oğlum şəhiddir. Şükür edirəm. Amma bala itkisi çox çətindir, çox. 24 yaşında toysuz balam getdi”.
“Aprelin 21-də balamın toy mağarına gedəcəyəm”
“Gücüm çatsa, 21-də gedəcəyəm balamın toy restoranına. Həmin gün restoranda toy olmazsa, içəri keçib baxacam. Oğlumu yad edəcəyəm, Görsəm ki, məclis var, geri qayıdacağam. Heç kimin xeyir işinə qara yaylıqla getmərəm. Ürəyi param-parça olmuş anası oğlunun toy mağarına baxmağa gedəcək. (Hamımızı ağladır )
... “Bilirsinizmi mən onun nişanlısı haqqında nə fikirləşirəm ? Deyəcəm ki, qızım, sən gəncliyini oğlumun yolunda qurban vermə. Çünki o, çox namuslu, ağıllı qızdır. O, Azərbaycana xeyirli övladlar bəxş edə bilər. Millətimin xatirinə bunu deməyə özümdə güc tapıram”.
Həmin vaxt ailənin yaxınlarından kimsə otağa daxil olub, “Jalə gəldi” dedi. Otaqdakılar hiss etdirməməyə çalışsalar da, həyəcan keçirdikləri dərhal hiss olundu. Çünki heç biri ona təsəlli vermək üçün söz tapa bilməyəcəklərini bilirdilər.
Adaşım və həmyaşıdım olan bu qızdan nə soruşacaqdım ki? Ona təsəlli vermək üçün nə deyə bilərdim ki? Bir neçə qadınla birlikdə dərhal otağı tərk etdik... (lent.az/ Jalə Məmmədli)
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59