Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev “Unikal” qəzetinə müsahibə verib. O, söhbətə son günlər gərginləşən Azərbaycan-İran münasibətləri barədə sualla başlayıb.
Unikal.org həmin müsahibəni təqdim edir:
-Razi bəy, son günlər İrandan Azərbaycana qarşı sərgilənən mövqe birmənalı qarşılanmır. Münasibətlərin bu səviyyəyə gəlməsinə səbəb nədir?
-Azərbaycan heç zaman heç bir qonşusuyla, eləcə də İranla münasibətlərin gərginləşməsində maraqlı olmayıb, həmçinin bu gün də. Sadəcə, bu gün İran rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi ittihamların da heç bir əsası yoxdur. Ona görə də onlar normal olaraq Azərbaycan cəmiyyəti və höküməti tərəfindən təpki ilə üzləşdilər. Bu gün İran Azərbaycanı ittiham edir ki, guya biz bəzi məsələlərdə İsraildən istifadə edirik, guya İsrail qoşunları Azərbaycandadır və s. Amma bununla bağlı heç bir fakt, sübut ortaya qoymurlar, qoya bilmirlər. Ola bilsin ki, camış fermasını nəzərdə tuturlar. İran boyda ölkə, belə çıxır ki, İsrail camışlarından qorxur? Gülməlidir.
Məsələ burasındadır ki, Azərbaycanla İran arasında münasibətlərin kökünə baxsaq, görərik ki, hələ Birinci Qarabağ müharibəsi zamanı da İran Ermənistanın yanında dayanmışdı. Din, əqidə qardaşlığımız, uzun illər birgə tariximiz, qonşumuz olan İran İslam Respublikası Azərbaycanı birmənalı müdafiə etmədi.
Lakin məscidlərdə donuz saxlayan, dini inancları təhqir edən bir dövlətə, Ermənistana qardaş deyir. Təbii ki, bu, Azərbaycan cəmiyyətini narahat edir. Birinci Qarabağ müharibəsi zamanı heç İsrail adı hallanmırdı, o zaman İran hansı ittihamla Azərbaycanı müdafiə etmədi? Nəyə görə Ermənistanın yanında dayandı, niyə Azərbaycana qarşı ikili standart ortaya qoydu? İran bu suallara cavab versə, bugünkü məsələlərin bir çoxuna aydınlıq gələr.
- Prezident İlham Əliyev də son iki çıxışında İranla bağlı sərt mövqeyini ifadə etdi. Artıq birinci şəxs səviyyəsində reaksiya verilirsə, deməli, vəziyyət həqiqətən ciddidir, elə deyilmi?
-Əlbəttə ciddi məsələlər və narahatlıqlar var. Amma, çox da narahat olmağa dəyməz. Burada əsas iki incə məqam var, birincisi odur ki, İran Azərbaycanı bu cür iddialarla zəiflədə, təkləyə bilməz. Ona görə ki, bütün dünya bu məsələdə Azərbaycanı müdafiə edir. İran Ermənistandan başqa bir dövlət tapa bilməz ki, onu Azərbaycana qarşı istifadə edə bilsin. İkinci incə məqam isə ondan ibarətdir ki, Ermənistan hazırda bu iddialarda birmənalı olaraq, açıq sözlə İran tərəfini müdafiə edir. Bu isə Ermənistanı dünya dövlətlərinin, Avropa dövlətlərinin, İsrailin, ABŞ-ın gözündən salır. Bu cəhətdən də Azərbaycan üstün tərəfdir. Yəni, Ermənistan çox iyrənc bir oyunun içərisindədir. Bu oyun da Ermənistanı gözdən salır. Biz İranla gərginliyin olmasını istəməsək də, hazırkı məsələlərdə qazanan tərəf Azərbaycandır.
-Belə bir məqamda ölkənin siyasi qüvvələri, müxalifət nə etməlidir?
-Hər zaman demişəm, yalnız birlik. Xarici düşmənlərlə yanaşı, biz birlikdə olub daxildə olan milli satqınları aşkara çıxarmalıyıq, açıq və net olmalıyıq. Təəssüflər olsun ki, xeyli milli satqınlar var ki, onlar öz dövlətimizin müstəqilliyinə, uğurlarımıza kölgə salırlar. Onun üçün də siyasi və ideoloji birlik zəruridir. Bu birliyə qarşı çıxanlara qarşı sərt tədbirlər görülsün. Əlini daşın altına qoymaq istəməyənlər demək olar ki, başını digər düşmən qüvvələrin qarşısında əymək istəyir. O başları vurmaq lazımdır.
-Razi bəy, Artıq 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür. Qələbədən sonrakı dönəmi qısaca necə xarakterizə etmək olar?
-Qalib ölkəyik. Problemlər olmadı, yoxdur deyə bilmərik. Təbii ki, çatışmazlıqlar oldu müəyyən sahələrdə. Məsələn müharibə iştirakçılarına veteranlıq statusunun verilməsiylə bağlı çatışmazlıqlar hələ də qalmaqdadır. Müharibə iştirakçılarının işlə təmin edilməsiylə bağlı problemlər var. Bununla bağlı istər mediada, istər parlamentdə danışmışam, təkliflər vermişəm. Lakin ümumilikdə vəziyyəti müsbət dəyərləndirirəm. Özəlliklə işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq işləri yüksək səviyyədə və sürətlə aparılır. Həmin ərazilərdə hava limanları artıq fəaliyyətə başlayıb. Şəhid ailələrinə diqqət, qayğı var, onların sosial həyatının, güzəranının yaxşılaşdırılması istiqamətində yaxşı işlər görülür. Təbii ki, bu onların haqqıdır, onlar üçün nə edilsə azdır. Qazilərin müalicəsi bəzi xırda çatışmazlıqlar olsa da yüksək səviyyədə aparılır. Müharibədə əldə etdiyimiz üstünlük bu gün siyasət masasında da davam edir. Artıq dost da, düşmən də Azərbaycanın üstünlüyünü və haqlı olduğunu qəbul edir. Bunu Erməni rəsmilərin, məsələn Paşinyanın son günlərdəki çıxışlarından açıq aydın görmək olur. Və əmin olun ki, hər şey daha da yaxşıya doğru gedir.
-Sizcə, tərəflər arasındakı yekun sülh sazişi hansı formada olmalıdır?
-Əlbəttə ən önəmlisi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq çərçivəsində olmalıdır. Biz hüquqi cəhətdən haqlı tərəfik. Ermənistan bunu qəbul etməli, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı, məcburi köçkünlərimiz öz yurdlarına qayıtmalı, öncədən Qarabağda yaşamış ermənilər Azərbaycan vətəndaşı olmalı, Azərbaycan pasportu daşımalıdırlar. Təbii ki, Azərbaycanda yaşamaq istəyirlərsə. Əks halda, köçüb getsinlər Ermənistana. Biz bunu istəyirik, haqqımız olanı və bunu da savaş meydanında xalqımızın birliyi, biləyimizin gücüylə əldə etdik. İndi qalır düşmənin bunu rəsmən qəbul etməsi. Sülh sazişinin əsas forması bu olmalıdır. Və bundan sonra da Rusiya sülhməramlılarının fəaliyyətinə gərək qalmayacaq.
-Cəmiyyətdə narahatlıq var ki, Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərimizlə bağlı qeyri-müəyyən vəziyyət hələ çox davam edə bilər. Bu barədə nə düşünürsünüz?
-Narahatlığa heç bir gərək, əsas yoxdur. Bilirsiniz, hələ tam aydınlaşmayan məsələlər var, sülhməramlıların nəzarətində olan bəzi ərazilər var. Amma 44 gün ərzində işğal edilən torpaqlarımız azad edildi. Təsəvvür edirsiniz ? Biz axı Lələtəpənin azad edilməsini necə coşquyla bayram etmişdik. İndi bu boyda ərazi azad edilib, qanımızla, canımızla, birliyimizlə. Biz dünyanı heyrətə salaraq qələbə qazandıq.
Bəli, Xankəndi, Xocalı, Xocavənd, və digər ərazilərimiz də Azərbaycandır. Sadəcə, indi sülhməramlıların nəzarətində olan ərazilər var və orda iki yüz il əvvəl ora köçürülən ermənilər yaşayırlar. Onlar da seçim etməli olacaqlar, ya Azərbaycan vətəndaşlığını qəbul edib bizim pasportumuzla yaşayacaqlar, ya da çıxıb Ermənistana gedəcəklər. İndi bir az da səbr edək. Bu qələbənin qüruruyla yaşayaq. Biz qalib ölkəyik, biz Azərbaycan tarixində ilk dəfə işğaldan torpaq azad etmişik. Bu çox böyük şərəfdir, qürurdur, xoşbəxtlikdir. Bunu hiss edək, yaşayaq.
Z.Məmmədli