Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ərazilərimizin işğaldan azad edildiyi günlərdə həmin ərazilərə səfər etməsi xalqımızda böyük sevinc və qürur hissləri yaradır. Oktyabrın 9-da cənab Prezidentin Xocavənd rayonun Hadrut qəsəbəsi və Tuğ kəndinə səfəri də məhz bu baxımdan insalarımız tərəfindən böyük maraqla qarşılanıb.
Rayonun Hadrut qəsəbəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Hadrut əməliyyatının həm hərbi, həm strateji nöqteyi-nəzərdən daşımış olduğu mahiyyəti haqqında geniş məlumat verərək Azərbaycan Ordusunun öz hədəfinə nail olduğunu qeyd etdi. Yerləşdiyi coğrafi mövqe və relyef səbəbindən qəsəbənin işğaldan azad edilməsi müəyyən çətinliklər yaradırdı. On minlərlə fərarisi olan Ermənistan ordusu digər ərazilərlə müqayisədə Hadrutda dirəniş göstərməyə çalışırdı. Məhz bu səbəbdən də burada döyüşlər bir neçə gün davam etmişdi. Buna baxmayaraq, Azərbaycan əsgəri və zabiti qarşısında düşmən öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradı. Azərbaycan Ordusunun Hadrut istiqamətində irəliləməsi Ermənistan silahlı qüvvələri üçün gözlənilməz olmuşdu, baxmayaraq ki, düşmən burada böyük sayda qüvvə cəmləşdirmişdi. Hadrutun işğaldan azad edilməsi hərbi nöqteyi-nəzərdən yüksək peşəkarlıq tələb edirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Hadrut əməliyyatı ilə öz gücünü Ermənistana və bütün dünyaya göstərmiş oldu. Ermənistanda hesab edirdilər ki, Azərbaycan Ordusu heç vaxt Hadrutu azad edə bilməz. Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük mənəvi psixoloji sarsıntı yaşatdı. Azərbaycan üçün hər bir qarış torpaq əzizdir, doğmadır, müqəddəsdir. Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğalçıları doğma torpaqlarımızdan qovdu və biz doğma torpaqlarımıza qayıtdıq.
Hərbi əməliyyatlar dövründə Ermənistan mətbuatında Hadrut əməliyyatı ilə bağlı yalan məlumatlar yayılır, guya ki, qəsəbənin Ermənistanın əlində olduğu qeyd edilirdi. Lakin Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən üçrəngli bayrağımızın Hadrutda ucaldılması ilə Ermənistan rəhbərliyinin yalan məlumatları ifşa olundu. Ermənistan tərəfi postmüharibə dövründə də yalan üzərində təbliğat qurmağa çalışır. Bu ölkənin tarixi də, dövlətçiliyi də saxtadır.
Azərbaycan Ordusu əzəli Azərbaycan torpağı olan Hadrutu işğaldan azad etməklə digər ərzilərimizdə olduğu kimi bura da yeni həyat bəxş edib. Azərbaycan Hadrutu bərpa edəcək. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcəkdir. Cənab Prezident İlham Əliyev tərəfindən qəsəbədə məscidin təməlinin qoyulması isə tarixi hadisə hesab edilməlidir. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikiləcək, Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzinə çeviriləcəkdir. Zəngin üzümçülük ənənələri olan Hadrut və Xocavənddə bitkiçilik, heyvandarlıq, ümumiyyətlə kənd təsərrüfatının inkişafı üçün böyük potensial vardır.
Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət çəkdiyi mühüm fikirlərindən biri də erməni cinayətləri oldu. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistan Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoymuş, bütün evləri, binaları, tarixi abidələri dağıdaraq, geniş miqyaslı ekoloji terror törətməklə məşğul olub. Beynəlxalq ictimaiyyət isə bütün bunlara göz yumurdu. Azərbaycan isə tarixi ədaləti öz gücünə bərpa etdi. Bütün erməni təxribatlarının qarşısı uğurla alındı. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edildi. Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərilmişdi. Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular. Diversiya qrupu tərksilah edildi və həbs olundu. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri müvafiq addımları ataraq düşmənə yenidən lazimi cavabı verdi.
Milli Məclisin deputatı Cavid Osmanov