"Taliban" nümayəndələri Ankarada baş tutan danışıqlarda qadınları ölkənin səhiyyə sektoruna qaytardıqlarını bildiriblər.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Biz "Taliban"a bir neçə təklif verdik. Ölkədə sülh üçün əhalinin bütün qruplarının iştirakı ilə hərtərəfli hökumətə ehtiyacı var. Qadınların ictimai həyata qaytarılmasını, işlə, bizneslə, qızların təhsillə təmin edilməsini təklif etdik. Bu, təkcə Qərb ölkələrinin istəkləri deyil, həm də müsəlman ölkələrinin təcrübəsi və gözləntiləridir.
Bizə bildirdilər ki, qadınlar artıq səhiyyə sahəsinə qayıdıblar", - deyə Çavuşoğlu danışıqların nəticələrilə bağlı jurnalistlərə açıqlamasında qeyd edib.
O, əlavə edib ki, Türkiyənin bütün təklifləri "böyük qardaş" mövqeyindən deyil, bərabərhüquqlu danışıq tərəfdaşı olaraq irəli sürülüb.