E.Şahinoğlu: “İranın Azərbaycana qarşı son zamanlar tutduğu mövqe qəti şəkildə qəbuledilməzdir”
İranla Azərbaycan arasında son günlər yaşanan hadisələr ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Cənub qonşumuz olan İranın Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan təcavüzkar dövlətlə sıx əməkdaşlıq etməsi, onlara dəstək verməsi təbii olaraq ölkəmiz tərəfindən birmənalı qarşılanmır. İranın Azərbaycana qarşı sərgilədiyi münasibətdən də görünür ki, bu dövlət İslami dəyərlərə, müsəlman qardaşlığına önəm vermir.
İranın Azərbaycanla sərhədə qoşun və hərbi texnika toplaması, hərbi təlimlər keçirməsi bu ölkənin Azərbaycanı özü üçün təhlükə mənbəyi hesab etməsinin bariz nümunəsidir. İranın açıq şəkildə ermənipərəst mövqedə dayandığı, Azərbaycanla münasibətlərini gərginləşdirmək xəttindən geri çəkilmək niyyətində olmadığı, İranın dövlət rəsmilərinin son açıqlamalarından və atdıqları addımlardan da görsənir. Zəngəzur dəhlizinin açılışı İran üçün qorxulu bir yuxuya çevrilib. Qarabağ savaşında Ermənistana qanunsuz olaraq maddi-texniki dəstək göstərən İran illərdir işğal altında saxlanılan Qarabağda terror yuvasını görməzdən gəlsə də, indi bu torpaqlarda “sionist” axtarışındadır. Lakin ekspertlər bildirir ki, bu, İranın özünə qarşı baha başa gələcək.
Politoloq Elxan Şahinoğlu bildirir ki, İranın xarici işlər naziri “sərhədlərin dəyişdirilməsi, “terrorçular” və “sionistlər” dedikdə Azərbaycanı nəzərdə tutur: “Azərbaycan işğal altındakı torpaqlarını azad edib və Ermənistanla sərhədə çıxaraq Gorus-Qafan yolunun 21 kilometrini nəzarətə götürüb. Tehran bunu “sərhədlərin dəyişdirilməsi” kimi qiymətləndirir. Halbuki, Azərbaycan özünə aid olanı götürüb. Maraqlıdır ki, Ermənistanın özünün Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycana məxsus olduğunu etiraf etsə də, Tehran dirənib ki, “sərhədlər dəyişdirilməməlidir”.
Tehran müharibə günlərində düşmən saydığı Qərb ölkələrinin bəzi mərkəzlərinə qoşularaq Azərbaycan tərəfdən “terrorçuların” savaşdığını səsləndirmişdi. Müharibədən sonra Qərbdə və Rusiyada “terrorçu” mövzusu unudulsa da, Tehran bu “mövzunu” yenidən diriltməyə və Azərbaycanın əleyhinə aktuallaşdırmağa çalışır. Nəhayət “sionistlər” mövzusuna gəldikdə, Tehran Azərbaycanda İsrail izi axtarmaqda davam edir”.
E. Şahinoğlu deyir ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinə etiraz etmir. Əksinə, bu mövzuyla bağlı təkliflərini həm Bakıya, həm də İrəvana göndərib: “Tehran isə Moskvaya demək istəyir ki, “sərhəd toxunulmazdır və işğaldan əvvəlki vəziyyətində” qalmalıdır. Bunun reallıqdan uzaq olduğunu Azərbaycan və Ermənistanla yanaşı Rusiya da anlayır. “Bölgədə terrorçular və sionistlər” var iddiasına gəldikdə, Tehran bu məsələdə də Kremli öz tərəfinə çəkə bilməyəcək. İsrail Rusiyaya dost dövlətdir və Tehranın bu iki dövlətin münasibətlərinə zərər vurması nəticə verməyəcək. Keçmişdə Ermənistan rəsmiləri Moskvaya Azərbaycandan şikayət etməyə gedərdilər. İndi onlara İran rəsmiləri də qoşulub. Ancaq ermənilərin şikayətləri işə yaramadığı kimi iranlıların da şikayətlərinin Tehran üçün heç bir faydası olmayacaq. Rusiya-Azərbaycan münasibətlərində suallar olsa da, Kreml başqalarının saxta ittihamları əsasında Azərbaycanla münasibətləri gərginləşdirməyəcək. Baxmayaraq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada olarkən Azərbaycandan da şikayət edib. Hüseyn Əmir Abdullahian Moskvada jurnalistlərə ilk açıqlamasında bunları deyib: “İran bölgədə sərhədlərin dəyişdirilməsinə, terrorçuların və sionistlərin varlığına Rusiyanın da kəskin reaksiya verəcəyini gözləyir”.
Qeyd edək ki, İranın Azərbaycanla sərhəddə sionist iddiasına Azərbaycan prezidenti elə İranla iki addımlıqda cavab verib. Prezident bildirib ki, İranla sərhəddə İsrail hərbçilərinin olması iddiası gülüncdür.
Onu da bildirək ki, İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrinə münasibət bildirib. O, bildirib ki, İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır, bu fikir fantaziyadan başqa bir şey deyil: “ Bu məlumatlar cəfəngiyyatdır. Bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir. Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”.
Halbuki, Azərbaycanda İsrailin nəinki hərbi bazası , Azərbaycanın İsraildə səfirliyi belə yoxdur. İran isə gərginlik yaradaraq, “sərhədimizin sionist bazasına çevrilməsinə icazə verməyəcəyik” deyə, Azərbaycanla sərhədinə qoşun yığır, hərbi təlimlər keçirir. Təbii ki, 44 günlük müharibə ilə öz gücünü dünyaya nümayiş etdirən Azərbaycan İran dövlətinin bu addımlarından nəinki qorxur, əksinə, İranın Azərbaycana qarşı hər açıqlamasına, addımına adekvat cavab verir. Hər tərəfdən sanksiya məngənəsində sıxılan İran isə qonşu dövlətlərlə münasibətləri pisləşdirməkdən çəkinmir.
E. Şahinoğlu deyir ki, İranın Azərbaycana qarşı son zamanlar tutduğu mövqe qəti şəkildə qəbuledilməzdir. Bu günlərdə İran İslam Respublikasının ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatinin ofisi kimi fəaliyyət göstərən Hüseyniyyə məscidinin bağlanması İran tərəfindən siyasiləşdirilsə də, pandemiya şəraitində Hüseyniyyənin bağlanması tamamilə məqsəduyğundur. Qarabağda ermənilər məscidlərimizi təhqir edərkən səsini belə çıxartmayan İran nədənsə sözün hər iki mənasında virus ocağına çevrilən Hüseyniyyə məscidinin bağlanmasını qəbul edə bilmir.
Azərbaycan isə müstəqil dövlət olaraq yürütdüyü siyasətdə ictimai və dövlət maraqlarını hər şeydən üstün tutur.
Gülayə Mecid
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: İctimai və dövlət maraqlarının müdafiəsi