Fransanın İzer departamantinin əvvəl işğal altında olmuş Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv edilib.
Unikal.org
bu barədə Azərbaycanın Fransadakı səfirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, Qrenobl şəhər məhkəməsi 2019-cu il sentyabrın 20-də separatçı rejimin həmin departamentə səfəri zamanı imzalanmış qondarma "İzer departamenti ilə Hadrut rayonu arasında dostluq xartiyası"nı ləğv edib. Azərbaycan tərəfinin bu aktın qanunsuzluğu barədə iddiaları iki dəfə, 2020-ci ilin fevralında və noyabrında qaldırılıb.

Bu il sentyabrın 27-də qəbul edilmiş və rəsmi şəkildə Azərbaycan tərəfinə verilmiş məhkəmə qərarında vurğulanır ki, sənəd İzer departamentinin bələdiyyə şurasının sədri tərəfindən imzalanıb və Fransa Konstitusiyasının 5, 14, 20, 52 və 55-ci maddələrini pozur. Bu maddələrə əsasən, ölkənin xarici siyasət məsələlərinin həlli ölkə prezidentinin müstəsna səlahiyyətidir. Qərarda o da qeyd olunur ki, qanunsuz xartiyanı imzalamaqla bələdiyyə şurasının prezidenti Yerli idarəetmə orqanları Məcəlləsinin L.1115-1 maddəsini pozub. Bu maddə Fransanın beynəlxalq öhdəliklərinin yerli idarəetmə orqanlarının fəaliyyətinin bütün aspektlərinə şamil olunur.

Qeyd edək ki, 1,2 milyon əhalisi olan İzer departamenti Overn-Ron-Alp regionunun 13 departamentindən biri və ən böyüyüdür. Bu regionun payına yerli idarəetmə orqanlarının qanunsuz işğalçı rejim rəhbərliyi ilə imzalanmış akt və sazişlərin böyük əksəriyyəti (28 sənəddən 15-i) düşür.

Bu, artıq Fransa məhkəmələri tərəfindən ləğv edilmiş 11-ci qanunsuz sənəddir. Daha 2 iddiaya məhkəmələrdə baxılır. Əvvəllər işğal olunmuş Qarabağın separatçı rejiminə dəstək olaraq qəbul edilmiş sənəd və qərarların ləğvi ilə bağlı işlər davam etdirilir.