"Bu gün Qubadlı torpağında Sizinlə bir yerdə olmaq bizim üçün böyük şərəfdir, böyük sevincdir. Bu, bizim üçün böyük bir tarixi gündür. Siz bu torpaqları əsl sahiblərinə qaytardınız. Siz Qubadlını qubadlılılara qaytardınız. Bu gün də qubadlılıları Qubadlıya dəvət etməklə bizi çoxdankı ən böyük arzumuza çatdırdınız".
Unikal.org xəbər verir ki, bu fikirləri Qubadlı ictimaiyyətinin Prezidentlə görüşü zamanı Milli Məclisin İqtisadi siyasət və sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O, bu günləri onlara yaşatdığını görə Prezidentə ailələri və bütün qubadlılılar adından dərin minnətdarlığını bildirib:
"Möhtərəm Prezident, 1992-ci illərin əvvəllərində Azərbaycanda olan hakimiyyətsizlik, dövlətsizlik, satqınlıq və xəyanət nəticəsində biz çox böyük fəlakətlər yaşadıq. Bizim başımıza böyük bəlalar gəldi. Biz böyük bir insan faciəsi yaşadıq, Azərbaycanı itirmək təhlükəsi ilə üzbəüz qaldıq. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə biz Azərbaycanı xilas etdik. Onun şəxsən, təkbaşına cəsarəti və dühası hesabına biz Vətənimizi itirməkdən xilas olduq. O, sağlam, möhkəm bir bünövrə qoydu və bugünkü güclü Azərbaycan dövləti Sizin rəhbərliyinizlə o bünövrənin üzərində qurulur".