Oktyabrın 28-də millət vəkili Novruz Aslanov Bərdə terrorunun bir ilinin tamamında Bərdəyə səfər etmişdir. Səfər zamanı terror zamanı həlak olmuş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü Məhərrəm Mustafayevin məzarı  və şəhidlər xiyabanı ziyarət edilmişdir.

Unikal.org xəbər verir ki, həmin gün Novruz Aslanov Tərtər rayonunda, Suqovuşanda və Talış kəndində də olmuşdur. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşündə humanitar layihələr barədə müzakirələr aparılmış, gələcək perspektivlər nəzərdən keçirilmişdir. Vətən Müharibəsi dövründə AzQAC-ın mülki əhaliyə göstərdiyi humanitar yardımlara, həmçinin pandemiya dövründə həyata keçirilən layihələrə görə Novruz Aslanova təşəkkür edən Müstəqim Məmmədov bundan sonra da AzQAC-ın rayon bölməsinin səmərəli fəaliyyətinə imkanlar daxilində dəstək verəcəklərini bildirmişdir. Novruz Aslanov da öz növbəsində bu dəstəyə görə  Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova təşəkkür etmişdir. 

Sonra Tərtər rayonunda ən çox dağıntıya məruz qalmış ərazilərin foto şəkillərini, rayon ərazisinə düşmüş raketlərin qalıqlarını millət vəkilinin diqqətinə çatdırılmışdır. Sonda Novruz Aslanovla icra hakimiyyətinin başçısı birgə Suqovuşana və Talış kəndinə gediblər.