Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə sahəsində zəruri tədbirlər davam etdirilir.
DSX-dən Unikal.org-a bildirilib ki, oktyabr ayının 29-da saat 11:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı 1994-cü il təvəllüdlü Rüstəmov İsrayıl Ənvər oğlu sərhəd pozucusu qismində saxlanılmışdır.
Həmin gün saat 21:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkar edilmiş 1 ədəd bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 12 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür.
Oktyabr ayının 30-da saat 11:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları havaya xəbərdarlıq atəşindən sonra saxlanılmışlar. Qeyd olunan şəxslərin Azərbaycan Respublikası vətəndaşları Xaçmaz rayon sakini 1997-ci il təvəllüdlü Fərmanlı Mehman İlqar oğlu və Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Sadıqov Tərlan Heybət oğlu olmaları müəyyənləşdirilmişdir.
Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana Kür çayında çəlləyin içərisində ötürülmüş qaçaqmal predmeti olan 20 qutu (339 blok) “Demi Wolf” markalı pirotexniki vasitələr aşkarlanaraq götürülmüşdür.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.