“Daş yuxular” erməni dilində nəşr ediləcək
16:13 15-02-2013
CƏMİYYƏT
Bunun üçün İrəvandan Əkrəm Əylislinin icazəsi də istəniləcək; düşmən ölkədə yazıçıya hüsn-rəğbət artmaqdadır
Yazıçı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxuları” romanı tezliklə erməni dilinə tərcümə olunacaq. Bunu Ermənistanda nəşr olunan “Nork” jurnalının baş redaktoru, yazıçı Ruben Ovsepyan yerli saytlardan birinə açıqlamasında deyib. Onun sözlərinə görə, əsərin çevrilmiş variantı gələn ay işıq üzü görəcək. Lakin Əylisli romanın Azərbaycan və ya erməni dillərinə tərcüməsinə yasaq qoyduğu üçün Ovsepyan yazıçı ilə əlaqə saxlanılacağını və ondan icazə istəniləcəyini söyləyib.
Erməni yazıçı kitabın Ermənistanda böyük maraq doğurduğunu söyləyib: “Ona görə ki, ilk dəfə azərbaycanlı yazıçı Azərbaycanda müharibəyə qədərki vəziyyətin gerçək təsvirini verir”.
Bununla belə, baş redaktor əsəri hələ oxumadığını deyib: “Mən öz dəyərləndirmələrimdə doğmalarımın və ədəbiyyatşünasların fikirlərinə istinad edirəm. Onları dinlədikdən sonra erməni nəşriyyatı qərara gəlib ki, kitabda həqiqət təsvir olunduğundan, onu erməni oxucusu üçün də əlçatan eləmək pis olmaz”.
Saytın “Bəs erməni ziyalılarında da konflikt zamanı erməni tərəfinin davranışı haqda yazmaq cəsarəti tapılacaqmı” sualına cavabında yazıçı “Daş yuxuları” ermənipərəst, qeyri-obyektiv saymadığını söyləyib: “Hərgah müharibə zamanı ermənilər də öldürüb, ancaq savaşı Azərbaycan tərəfi qızışdırıb və Ermənistanda analoji kitabın yazılmasına ehtiyac yoxdur”. Jurnalın redaktoru əlavə edib ki, artıq romanı oxumağa başlayıb. Dediyinə görə, “kompüteri nasaz olduğu” üçün buna indiyədək imkan tapa bilməyib...
Göründüyü və gözlənildiyi kimi, “Daş yuxular”dan sonra ermənilərin çiçəyi əməlli-başlı çırtlayıb. Əylisliyə işğalçı ölkədə hüsn-rəğbət günbəgün artmaqla yanaşı, o da məlum olur ki, Ermənistanda heç kim analoji, yəni ermənilərin azərbaycanlılara qarşı tükürpədici vəhşiliklərinə görə hansısa səmimi etiraflara həsr olunmuş kitab yazmağa hazırlaşmır. Buna lüzum görmürlər sadəcə.
Nədəni bəlli. Ovsepyanın müsahibəsindən də sezildiyi kimi, “Daş yuxular” qonşularınızın Azərbaycana, Türkiyəyə qarşı əsassız ərazi iddialarına, dinc əhalimizə qarşı zaman-zaman törətdikləri qətliamlara, o sırada Xocalı soyqırımına haqq qazandırmaq üçün göydəndüşmə fürsətdir. Üstəlik, saxta erməni soyqırımı iddiasının 100 illiyi ərəfəsində Azərbaycana, Türkiyəyə qarşı gözəl əks-təbliğat şansıdır.
Erməni ola, bundan yararlanmaya. Bu romanı yəqin ki, ingilis, fransız, alman, ispan dillərinə də tərcümə edəcəklər. Xatırladaq ki, az öncə ermənilərin roman əsasında film çəkəcəkləri barədə xəbər yayılmışdı. Artıq bunun üçün zəruri miqdarda ianə toplandığı da deyilir.
Ona da şübhə yox ki, bu əsərdən sonra düşmən ölkə sülh danışıqlarında daha radikal və maksimalist mövqeyə köklənəcək. Təəssüf ki, Azərbaycanda hakimiyyətin rüsxəti ilə yazıçıya qarşı ölkəmizdə davam edən fiziki haqq-hesab çəkmək çağırışları da bu yöndə ermənilərin karına gəlməkdə, düşmən dəyirmanına su tökməkdədir. Ermənistanın istədiyi də elə Azərbaycan haqda vəhşi dövlət obrazı yaratmaq deyilmi?
Əylisli sözsüz ki, xalqımıza qarşı bağışlanmaz xəyanətə imza atıb. Ancaq bu xəyanətin ermənilərin xeyrinə olan effektini ikiqat artırmaq yolverilməzdir. Dayanmaq gərək... (musavat.com)
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44