Daxili İşlər Nazirliyi Azəf Rzayevin təhdid edilməsinə reaksiya verdi
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında özünü “Ağ otel”in sahibi kimi təqdim edən bir şəxs açıq nömrə ilə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevə zəng edərək, ona hədə-qorxu gəlmişdi. O, “Unikal” qəzetində adı çəkilən otellə bağlı yazılan tənqidi materialları dayandırmayacağı təqdirdə, qəzetin baş redaktoruna qarşı başqa vasitəyə əl atacağını bildirib.

Baş redaktor A.Rzayev təhdid zənginin ardından dünən “102” Qaynar Xəttinə zəng edərək, hadisə barədə məlumat vermişdi. Bunun ardınca isə 5-ci polis bölməsinin əməkdaşları “Unikal” qəzetinin redaksiyasına gələrək, baş redaktordan məsələ ilə bağlı izahat almışdılar.

Bu gün məsələ ilə bağlı DİN mətbuat xidməti də münasibət bildirdi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məsələnin diqqətdə olduğunu və baş redaktor A.Rzayevin təhdid edilməsini faktını araşdırdıqlarını söylədi. O qeyd etdi ki, şikayətlə bağlı hazırda 5-ci polis şöbəsində təhqiqat gedir. Təhqiqat yekunlaşdıqdan sonra bu barədə əlavə məlumat veriləcək.

Axşam saatlarında isə nazirliyin mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov redaksiyamızla əlaqə saxlayaraq, hazırda işin 5-ci polis bölməsi tərəfindən araşdırıldığını bildirdi. O dedi ki, bu gün gün ərzində “Ağ otel”in sahibinin kimliyi araşdırılıb, tapılıb. Ondan izahat almaq üçün əlaqə telefonlarına zəng edilsə də, gün ərzində həmin şəxsin telefonları sönülü olub. E.Zahidov qeyd etdi ki, bütün hallarda məlum şəxs tapılıb polis bölməsinə gətiriləcək və məsələ ilə bağlı izahatı alınacaq.

5-ci polis bölməsinin rəis müavini Turab Paşayev isə bildirdi ki, gün ərzində “Ağ otel”in sahibinə zəng edilib və bölməyə dəvət edilib. O, bölməyə gələcəyini bildirsə də, axşam saatlarına qədər gəlib, məsələ ilə bağlı izahat verməyib. Daha sonra isə məlum şəxs telefonlarını söndürərək, polisdən bu vasitə ilə yayınmağa cəhd göstərib. Rəis müavini onu da qeyd etdi ki, məsələ ilə bağlı əlavə tədbirlər görülür.