8 Noyabr 2021-ci il tarixdə Lənkəran şəhərində  Milli Qəhrəman Əsgər Əliyevin xatirə günü keçirilib. Əsgər Ələkbər oğlu Əliyev 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak edərək qəhrəmancasına həlak olub. Ümumilli Lider Heydər Əliyevin fərmanı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Əsgər Əliyev döğulduğu Lənkəran rayonunun Ləj kəndində dəfn olunub. Qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkındakı büstün qarşısında keçirilən xatirə günü tədbirində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimai birliklərin təmsilçiləri, Ləj kənd məktəbinin müəllim və şagirdləri iştirak ediblər.Tədbir zamanı Qəhrəmanın büstü ziyarət olunub önünə tər çiçəklər düzülüb.

Unikal.org xəbər verir ki, bundan başqa, Lənkəranda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş titabın təqdimatı və tamaşası həyata keçirilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi ilə rəşadətli Milli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbənin bir ili tamam olur. Ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycan xalqının igid övladlarının Vətən müharibəsində göstərdikləri misilsiz qəhrəmanlıqların və şücaətin  geniş təbliğ olunması və müharibə zamanı ön cəbhədə düşmənə ağır zərbələr vurub torpaqların işğaldan azad edilməsi yolunda canlarından keçən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı kompleks tədbirlər Lənkəranda da davamlı olaraq həyata keçirilir. Rayonda onlarla yaşayış məskənində şəhid bulaqları açılıb, xatirə lövhələri vurulub, qəbirüstü abidələr hörülüb.Təhsil və mədəniyyət müəssisələrində şəhidlərə həsr olunmuş müxtəlif səpgili tədbirlər, kitab təqdimatları keçirilib, rəsm sərgiləri təşkil olunub. Bu tədbirlərin davamı olaraq noyabrın 8-də Lənkəran Dövlət Dram teatrında Vətən müharibəsi şəhidlərinə həsr olunmuş kitabın təqdimatı keçirilib. Təqdimatdan sonra teatrın yaradıcı kollektivinin ifasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş tamaşa göstərilib. Lənkəran ŞİH başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər kitab təqdimatında iştirak edib tamaşaya baxıblar.

Həmçinin, Lənkəran rayonunun Darquba kəndində şəhid bulağı açılıb. Lənkəranda 44 günlük Vətən müharibəsində torpaqların azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi ehtiramla yad olunur, xatirələrinin əbədiləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Şəhər İcra hakimiyyətinin yaxından dəstəyi ilə bu sahədəki ictimai təşəbbüslər dərhal reallaşır. Artıq Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində onlarla şəhid bulağı tikilib, xatirə lövhələri vurulub, ağacəkmə aksiyaları keçirilib. Noyabrın 8-də növbəti şəhid bulağı rayonun Darquba kəndində açılıb. Şəhid Dadaşlı Orxan Elxan oğlunun adına tikilmiş bulağın. açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər iştirak ediblər. Mərasim zamanı İcra başçısı bir daha şəhid valideynləri ilə söhbət edib gündəlik qayğıları ilə maraqlanıb. 

Şəhid bulağının açılışından sonra İcra başçısı və rəsmi şəxslər şəhid Quluzadə Orxan Elxan oğlunun və şəhid Qənbərzadə Heydər Ağahüseyn oğlunun anım günündə iştirak etmək məqsədilə rayonun Şiləvar və Cil kəndlərindəki qəbiristanlıqlara baş çəkib oradakı şəhid məzarlarını ziyarət edib üzərinə tər çiçəklər düzüblər və ruhanilərin iştirakı ilə şəhidlərin ruhlarına dualar oxunub. 
Həmin gün şəhərin Heydər Əliyev prospektində Zəfər bayramı günü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı yüzlərlə şam, küknar və digər həmişəyaşıl ağaclar əkilib, suvarılaraq aqro-texniki qulluq göstərilib. 

Günün ikinci yarısında İcra başçısı və İcra hakimiyyətinin rəsmiləri rayonun ucqar dağ kəndi olan Gəgiranda olub şəhid Əhədli Baloğlan Şakir oğlunun anım mərasimində iştirak ediblər. Mərasim zamanı şəhid valideynləri ilə görüşən İcra başçısı onları həssaslıqla dinləyərək bir daha maddi-məişət qayğıları ilə maraqlanıb. Sonra İcra başçısı şəhidin məzarını ziyarət edib üzərinə tər çiçəklər düzüb. Mərasimdə ruhanilərin iştirakı ilə şəhidlərin ruhuna dualar oxunub.