Amerikalı sahibkar İlon Mask, sahibi olduğu “Tesla”nın səhmlərinin qiymətlərinin düşməsi səbəbindən iki gündə 50 milyard dollardan (təqribən 85 milyard manat) çox itirib.
Unikal.org xəbər verir ki, çərşənbə axşamı Nyu-York Birjasında hərracın bağlanışına qədər “Tesla” səhmləri 16%-dən çox ucuzlaşıb. Bu hal Maskın şənbə günü “Twitter” istifadəçilərinə şirkətdəki 10%-ə çatan payının satılıb-satılmamalı olduğu ilə bağlı sorğu ilə əlaqələndirilir.
O, səsvermənin nəticələri ilə bağlı qərar verəcəyinə söz verib. Sahibkar bildirib ki, maaşı nağd almadığı üçün vergi ödəməyin yeganə yolu səhmlərinin satışıdır.
Xatırladaq ki, “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask tarixdə sərvəti 300 milyard dolları keçən ilk şəxs olub.