ABŞ-da inflyasiya üzrə statistikanın açıqlanmasından sonra türk lirəsi ABŞ dollarına nisbətdə ardıcıl olaraq 2 gündür ki, tarixi minimumları yeniləyir.
Unikal.org xəbər verir ki, bu gün lirənin ABŞ dollarına nisbətdə məzənnəsi Bakı vaxtı ilə saat 10.45 radələrində 9,93 səviyyəsində ticarət olunub. Bu, yeni anti-rekordur.
Qeyd edilib ki, ötən gün ABŞ-da oktyabr üzrə inflasiya məlumatlarını açıqlayıb. Belə ki, illik inflasiya gözlənilən 5,8 % qarşısında 6,2 %-ə kimi sürətlənib. Bu 1990-cu ildən bu yana ən yüksək göstəricidir. Sentyabrda istehlak qiymətlərinin artımı 5,4 % olub. Bunun fonunda ABŞ dolları yen, avro, funt sterlinq qarşısında kifayət qədər möhkəmlənib.
Xatırladaq ki, lirənin kəskin ucuzlaşması prosesi oktyabrın ortalarında Mərkəzi Bankın üç vəzifəli şəxsinin, o cümlədən iki müavinin işdən çıxarılması fonunda başladı. Oktyabrın sonunda Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 18 %-dən 16 %-ə endirdi. Bundan sonra lirənin ucuzlaşma prosesi sürətləndi.