Xəbər verdiyimiz kimi, Ermənistanda Arşak Karapetyan müdafiə naziri vəzifəsindən azad olunub və onun yerinə Suren Papikyan təyin olunub.
Unikal.org xəbər verir ki, Papikyan buna qədər baş nazirin müavini vəzifəsini tutub. Onun Müdafiə Nazirliyinin rəhbəri təyin olunması Ermənistanda birmənalı qarşılanmayıb.
Belə ki, Ermənistan KİV-də onun “parlaq” hərbi xidmət dövrü barədə informasiyalar yayılıb. Bəlli olub ki, Suren Papikyan hərbi xidmətdə olarkən ona qarşı sistemli şəkildə zorakılıq edən komandirini bıçaqlayıb. Sözügedən faktla bağlı cinayət işi açılıb. 2006-cı ilin martın 27-də Suren Papikyan Ermənistanın Hərbi Qarnizon Hərbi Məhkəməsi tərəfindən 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O, “Nubaraşen” cəzaçəkmə müəssisəsində cəzasını çəkib. Bundan təxminən bir il sonra 2007-ci ilin fevralın 23-də amnistiya ilə azad olunub.