Belarus prezidenti Aleksandr Lukaşenko və Almaniyanın eks-kansleri Angela Merkel telefon danışığı zamanı Belarus və Avropa İttifaqı (Aİ) ölkələri arasındakı sərhədlərdə miqrant böhranını müzakirə ediblər.

Unikal.org xəbər verir ki, söhbət təxminən 50 dəqiqə davam edib.

İki lider Belarusun Polşa, Litva və Latviya ilə sərhədlərindəki qaçqınların vəziyyətini, həmçinin sərhədlərdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün problemin həlli yolları və perspektivləri üçün danışçıqlar aparıblar. 

Lukaşenko və Merkel qaçqınlara humanitar yardımın göstərilməsindən də danışıblar.

Qeyd edək ki, cari ayın əvvəlindən Yaxın Şərqdən və digər bölgələrdən minlərlə qaçqın sığınacaq axtarmaq naminə Polşaya, sonra isə Almaniyaya daxil olmaq üçün sərhədin Belarus tərəfinə gəlib. Oxşar gərginlik Belarus-Latviya və Belarus-Litva sərhədlərində də müşahidə olunur.

Aİ Belarusu xarici sərhədlərində mövcud miqrant böhranına görə günahlandırır. Aİ-nin xarici işlər nazirləri bazar ertəsi Belarusa qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər.

Ağarza Elçinoğlu