ANS-də yayımlanan "Günə Baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu ANS PRESS-ə müsahibəsində sabiq deputat, bacısı Gülər Əhmədova ilə bağlı yaranmış suallara, eyni zamanda, dindarların narazılığına səbəb olan bəyanatına münasibət bildirib.

Musavat.com-un məlumatına görə, İlqar Mikayıloğlu bacısının həbs anı barədə keçirdiyi hissləri ifadə edib: "Təbii ki, ağır qarşıladım. Başqa cür ola da bilməzdi. Söhbət bacıdan gedir. Amma mən ailəmlə bağlı, ümumiyyətlə şəxsi məzmunlu suallara adətən cavab vermirəm. Bunu xahiş edirəm düzgün anlayasınız. Bu mənim ailəmin daxili işidir. Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu da onların işidir. Mənim işim isə aparıcılıqdır. Mən də öz işimi görürəm. Peşəkarlıq adətən belə vəziyyətlərdə özünü göstərir. Anasını, övladini dəfn edib ertəsi gün səhnəyə çıxan o qədər sənətkarlarımız olub ki… Məncə burada təəccüblü heç nə olmamalıdır. Mən şəxsi problemimlə tamaşaçımı yükləyə bilmərəm. Ola bilsin ki, “Günə Baxan”ın tamaşaçıları arasında dəfndən və ya cümə axşamından, lap elə xərçəng xəstəliyindən əziyyət çəkən yaxınına baş çəkərək xəstəxanadan dərd içində qayıdan kəslər də var. Müqayisəni özünüz aparın".

““Günə Baxan”ın mövzularından biri bir qrup dindarı qıcıqlandırıb. Hətta məsələ Qafqaz Müsəlmanları İdarəsinin müzakirəsinə qədər gedib çıxıb. Nə baş vermişdi o verilişdə və indi nə baş verir?” sualına cavabında İlqar Mikayıloğlu deyib: "Əkrəm Əylislinin “Daş Yuxular” romanına həsr olunmuş verilişdə yazıçının guya Nardaran mərasimlərindən birində baş vermiş hadisə barədə qeydlərinə münasibətimi bildirmişdim. Mən yazıçının fikirlərini sərt tənqid etmişdim. Bu verilişdən sonra çoxlu zəng daxil oldu studiyaya və mən fürsətdən istifadə edərək mənə haqqın tərəfini tutduğuma görə təşəkkür edənlərə minnətdarlığımı çatdırıram. Sonrakı verilişlərdən birində isə Səudiyyə Ərəbistanında baş vermiş bir hadisə ilə bağlı hansısa qəzetdən kiçik bir xəbər oxudum və öz üslubuma uyğun olaraq replika verdim. Elə də ciddi bir şey deyildi. Ola bilsin ki, hansısa ifadəni ehtiyatsız işlətmişəm. Əgər bu hansısa dindar qardaş və bacımızı qıcıqlandırıbsa, üzrlü saysınlar. Narazılar arasında nardaranlı dostalarımızın da olduğunu eşitmişəm. Amma adi bir sözü - QMİ-də müzakirə səviyyəsinə qaldıran dindar qardaşlarımızın yadına bir-iki məqamı salmaq istəyirəm. Bir neçə il bundan qabaq Nardaranda vəziyyət gərginləşəndə ora Mir Şahin və Vahidlə birlikdə mən də getmişdim və Allah bilir hansı çətinliklərlə tamaşaçılara hadisə rayonundan dəqiq xəbər çatdırırdıq. O zaman İmam Hüseyn meydanında az qala hər gün adımıza dualar oxunurdu. İndi nə baş verir? Tutaq ki, lap kiçik bir səhv etmişik. Bəs 4 aydır ki, hər cümə axşamı İslam dini barədə danışan mötəbər ilahiyyatçıları dəvət edən, Məhərrəm ayında dindarlarımızı anlayıb musiqidən, əyləncədən tamamilə uzaq olan ANS deyil? O varsa da, bu da var axı…"
İlqar Mikayıloğlu bacısının həbsindən danışdı