Almaniyada koronavirusa yoluxmaların artması hökuməti əlavə karantin tədbirləri görməyə vadar edib.
"Unikal" xəbər verir ki, peyvənd olunmamış və xəstəliyi keçirməmiş vətəndaşlar üçün məhdudiyyətlər sərtləşdirilib.
Yeni məhdudiyyətlər ayrı-ayrı vilayətlərdə xəstəxanaya yerləşdirilənlərin sayı nəzərə alınmaqla tətbiq olunacaq. Belə ki, bu göstərici hər 100 min nəfərə 3 nəfər təşkil edərsə, restoran və konsert zalları kimi ictimai məkanlar yalnız vaksin vurdurmuş şəxslərə açıq olacaq. Artıq COVİD-19 testinin neqativ nəticəsi yetərli olmayacaq.
Xəstəxanaya yerləşdirilənlərin sayı hər 100 minə 6 nəfər olarsa, peyvənd olunmuş və xəstəliyi keçirmiş vətəndaşlar həm də neqativ test nəticəsi təqdim etməli olacaqlar. Bu rəqəm 9-dan yuxarı olanda isə, əlavə məhdudiyyətlər tətbiq ediləcək.