ABŞ Prezidenti Co Bayden ölkənin strateji ehtiyatlarından 50 mln. barel neftin istifadə olunacağını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.
Məlumata görə, ölkənin Energetika Nazirliyi amerikalılar üçün yanacaq qiymətlərini aşağı salmaq və pandemiyadan sonra bazarda tələb və təklifi tarazlaşdırmaq üçün strateji neft ehtiyatından 50 mln. barel nefti istifadə üçün hazırlayacaq. Qeyd olunan həcmdən ABŞ növbəti bir neçə ay ərzində 32 mln. barel neftin istifadəsini nəzərdə tutur. Qalan 18 mln. barel isə daha sonra istifadə olunacaq.
Ağ Ev vurğulayıb ki, ABŞ-la birlikdə bir neçə ölkə, o cümlədən Böyük Britaniya, Çin, Cənubi Koreya və Yaponiya öz ehtiyatlarından neftin bir hissəsini istifadəyə buraxacaqlar.
Bundan əvvəl "Bloomberg" agentliyi Hindistanın yaxın 7-10 gün ərzində strateji ehtiyatlarından 5 mln. barel neft istifadə edəcəyini bildirmişdir. Hindistanın bu enerji daşıyıcısının strateji ehtiyatları 39 mln. bareldir.