Kiyevdə 1 milyard qrivna dəyərində narkotik maddə - heroin müsadirə edilib.
"Unikal" xəbər verir ki, heroin İrandan kərpic adı altında Kiyevə gətirilib.
Bildirilib ki, tərkibi çox təhlükəli narkotik vasitə olan heroinin İrandan qaçaqmalçılıq yolu ilə Ermənistan, Gürcüstan ərazisindən keçməklə Ukraynaya keçirilməsi və Avropa İttifaqı ölkələrinə daşınması ilə məşğul olan transmilli cinayətkar dəstə ifşa olunub. Hüquq-mühafizə orqanları əməkdaşları cinayətkar qrupun təşkilatçısını və narkotik vasitələrin Ukraynaya keçirilməsi üçün kanallardan birini təşkil edən şəxsləri müəyyən ediblər.
İşbazlar heroini yük maşınlarında kərpic adı altında daşıyıblar. İstintaq tədbirləri zamanı Kiyev şəhərindəki anbarın ərazisindən ümumi çəkisi 368 kiloqram 150 qram olan 1159 ədəd briket aşkar edilərək müsadirə olunub.
Ukrayna daxili işlər nazirinin müavini Aleksandr Qoqilaşvilinin sözlərinə əsasən, qara bazar qiymətlərinə görə malın dəyəri bir milyard qrivnadan çoxdur.