Koronavirus xəstəliyi insanlara həm də psixoloji travma ilə yadda qalan dönəm yaşadır. Əfsuslar olsun ki, bu qorxu və təşviş içərisində hər kiçik sübuta yetirilməmiş məsələləri, illərdir davamlı bir şəkildə görünən bədəndə olan dəyişiklikləri peyvəndlə əlaqələndirmək cəhdləri var. 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, həkim deputat Rəşad Mahmudov  peyvəndin saç tökülməsinə səbəb olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bunun doğru olub-olmamasını yalnız elmi tədqiqatlar əsasında demək olar:

"Hansı ki, statistik olaraq dürüst hesablanan, xüsusi ekspertlər tərəfindən dünyada təsdiqlənən elmi sənədlərə əsaslana bilərik. Peyvəndin saç tökülməsi və ya başqa hansısa fəsadlarla əlaqəli yan təsiri haqqında sübuta yetirilmiş məlumat yoxdur. Unutmaq lazım deyil ki, peyvəndin yarada biləcəyi təsir, koronavirusa yoluxduğumuz zaman bu xəstəliyin yarada biləcəyi təsirdən min dəfə azdır. Koronavirusun təsirlərinin qalıcı olmadığını bilirik. 

Sadəcə, peyvənd olunmaq ona görə məsləhət görülür ki, koronavirusun yüksək dozada bədənə daxil olması ilə bəzən həlli mümkün olmayan ölümə səbəb olan problemlə qarşılaşırıq. Ona görə bunu bir-biri ilə müqayisə etmək doğru deyil. Koronavirus hələ də insanlıq üçün təhlükə yaratdığına görə sağlamlığımızın qorunması və təhlükəsizliyimizin təmin olunması üçün peyvənd lazım olan bir vasitədir. Bunu hər bir kəsin istifadə etməsi məsləhətdir".

Anar Kəlbiyev