Türkiyədə PKK üzvlərinin ölkə lideri Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planının təfərrüatları açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb.
Məlumata görə, 2021-ci il dekabrın əvvəlində sui-qəsdi planlaşdıran PKK üzvləri Suriyadakı həmkarlarından partlayıcı aldıqlarını etiraf ediblər.
Şeyxmus A. adlı PKK-çı Suriya kürdləri hərəkatının üzvü Fırat İlxanın (kod adı Roni) ona Suriyadan zəng edərək partlayıcıları təhvil verdiyini bildirib. Bundan sonra Türkiyədə gecə saatlarında PKK-nın bir qruplaşmasının üzvü ictimai tədbirdə Ərdoğanın təhlükəsizliyini təmin edən polis əməkdaşının maşınının altına bomba yerləşdirib.
Bomba təhlükəsizlik qüvvələri tərəfindən aşkar edildikdən sonra o və tərəfdaşları detonatorları çaya atıblar. Şeyxmus A. həmçinin bildirib ki, “səngərdəki məğlubiyyətin” qisasını almaq üçün Türkiyə prezidentini öldürmək istəyirlər.
Xatırladaq ki, insident 2021-ci il dekabrın 4-də Siirtdə baş verib. Ərdoğan bu şəhərdə tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış etməli idi.