Tək ABŞ-ı deyil, bütün dünyanı şoka salan Con Kennedinin qətli ilə bağlı yeni sənədlər ortaya çıxıb.
"Unikal" xəbər verir ki, ABŞ Milli Arxivi Con Kennedinin qətli ilə bağlı 1500 məxfi məlumat və sənədləri ictimaiyyətə təqdim edib.
22 noyabr 1963-cü ildə Dallasda kortej zamanı mətbuat və ictimaiyyət qarşısında güllələnərək öldürülən Kennedinin qətli ilə bağlı sənədlərdə diqqətçəkən detallar var.
Rəsmi məlumata görə, sui-qəsdlə bağlı sənədlərin 90 faizindən çoxu üzə çıxıb. 1500 məxfi sənəd arasından seçilən yeni məlumat və detallar bunlardır:
CİA sənədlərində deyilir ki, Con Kennedini öldürən keçmiş əsgər Li Harvi Osvald sui-qəsddən bir neçə ay əvvəl Mexikoda KQB agentləri ilə görüşüb. Məxfi yazışmada bildirilirdi ki, “Mexikoda dinlənilən telefon danışıqlarında Osvaldın sentyabrın 23-də Sovet İttifaqının Baş Konsulluğuna getdiyi və konsul Valeriy Vladimiroviçlə görüşdüyü müəyyən edilib”.
Osvaldın Valeri Kostikov adlı KQB agenti ilə telefonla danışdığı da bildirilib.
Sui-qəsddən bir il əvvəl
Digər tərəfdən, 1962-ci ildə diqqətəlayiq bir iddia ortaya atılıb. 15 oktyabr 1962-ci ildə Avstraliyanın paytaxtı Kanberradakı ABŞ səfirliyinə zəng edən bir şəxs Sovet İttifaqının Kennedini 100.000 dollar qarşılığında öldürmək istədiyini söyləyib.
Lakin CIA və Avstraliya rəsmiləri bu telefonu zarafat hesab edərək ciddi qəbul etməyiblər.