ABŞ administrasiyası hesab edir ki, “Əl-Qaidə” terror qruplaşmasının bir sıra liderləri Tehran hakimiyyətinin məlumatı olduğu halda İranda qalmaqda davam edir.
"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə üzrə Koordinatoru Con Qodfri dünyada terrorizmlə mübarizəyə dair növbəti illik hesabatını dərc etməsi ilə bağlı keçirilən xüsusi brifinqdə bildirib.
O, “Əl-Qaidə” liderlərinin Tehranda yaşamaqda davam etməsindən dərin narahatlığını ifadə edib: “Tehranda və Tehran ətrafında onların “Əl-Qaidə” şəbəkəsinin liderləri kimi fəaliyyətlərini davam etdirməyə kömək edilir. Tehran hakimiyyəti “Əl-Qaidə” şəbəkəsinin nümayəndələrinə “İranda təhlükəsiz yaşamağa” icazə verir”.
Amerikalı diplomat əlavə edib ki, İran qara siyahılara daxil edilmiş terror qruplarının spektrini maliyyələşdirmə, təlim, silah və texnika ilə təmin etməkdə davam edir: “İran hələ də ölkədə yaşayan “Əl-Qaidə” liderlərini məsuliyyətə cəlb etməyə hazır deyil. İran ərazisində olan bu şəxslərin adlarını açıqlamaqdan imtina edir. İran “Əl-Qaidə” nümayəndələrinə ən azı 2009-cu ildən öz ərazisində fəaliyyət göstərməyə, o cümlədən pul vəsaitləri və silahlıları Cənubi Asiya və Suriyaya köçürməyə icazə verib”.
Con Qodfri bildirib ki, ABŞ İranı terrorçulara sponsorluq edən ölkə kimi təsnif edir.