"Hesab edirəm ki, Qarabağda universitetin yaradılmasına ehtiyac var".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərdə universitetin yaradılmasının tərəfdarıdır.

"Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında universitetin yaradılması yaxşı olardı. Eyni zamanda başqa universitetlərin filialları da açıla bilər. Ağdam və Füzulidə musiqi nisbətən daha çox inkişaf edib. Burada Mədəniyyət və İncəsənət Universitetinin filialı yaradıla bilər. Bu barədə ciddi düşünməliyik. Bu, həm bölgənin inkişafına kömək edəcək, həm də Bakıda mövcud olan sıxlığın azaldılmasına töhfə verəcək. İnsanlar öz doğma yurdlarına qayıtdıqdan sonra orada təhsil müəssisələrinin yaradılması aktual olacaq".

Milli Məclisin üzvü qeyd edib ki, həm Qarabağda, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında ayrıca universitetin yaradılması aktualdır: 

"Paralel olaraq peşə məktəblərinin və kolleclərin açılması da məqsədəuyğundur. Bölgədə sürətli inkişaf gözlənilir. Zəngəzur dəhlizi açıldıqdan sonra burada yeni iş yerləri yaradılacaq. Məlum olduğu kimi, baş planlar hazırlanır, tikinti işləri həyata keçirilir. İndidən baş planda harada universitetin yaradılacağını və ya hansı universitetin filialının açılacağını nəzərdən keçirməliyik".

Anar Kəlbiyev