Ötən gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Xidmət indeksi” üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirilib.  

"Unikal" xəbər verir ki, görüş zamanı 2021-ci ildə "Azərişıq" ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək 83,61%-lə birinci yerə layiq görülüb.

Nəticələrdə 2020-ci ildə Səhmdar Cəmiyyətin göstərdiyi kommunal xidmətlər 45,31% qeyd  olunub. Bu isə qiymətləndirmə meyarlarına görə 3 ulduzla dəyərləndirilir. Builki göstəriciyə görə isə “Azərişıq” ASC-nin göstərdiyi xidmətlər 5 ulduza layiq görülüb.

Qeyd edək ki, builki qiymətləndirmədə kommunal xidmətlər göstərən “Azərsu” ASC 77,43%-lə 4 ulduza, “Azəristiliktəchizat” ASC 36,88%-lə 2 ulduza, “Azəriqaz” İB isə 22,10%-lə 2 ulduza layiq görülüb.