"Elə müharibə iştirakçısı var ki, qapısı bir dəfə də döyülməyib". 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat təklif edib ki, bir reyestr yaradılsın, şəhid ailələrinin hamısı ora əlavə edilsin.

"Bu işdə növbəlilik olması yaxşı olardı", - deyə deputat bildirib.

R.Nurullayev qeyd edib ki, bir şahid ailəsinə, bir əlilə beş-on dəfə kömək edilir, lakin elə ailə, elə əlil var ki, heç qapısı döyülməyib. “Birincisi, ASAN xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bu tip bütün məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət Reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarının köməyindən yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların yüz dəfə də yararlanmaq haqlarıdır, halalları olsun. Amma bu, növbəli şəkildə olmalı, hamını əhatə etməlidir. Elə ailə və müharibə əlili və ya yararlısı var, oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək. Üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin da bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin. Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər”.

Anar Kəlbiyev