“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, “Zirə Mədəniyyət Mərkəzi” və "Prior Leasing ASC"nin dəstəyi ilə "Aqro SMM" layihəsinin bağlanış mərasimi keçirilib.

"Unikal" xəbər  verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev, Nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzlu, "ABAD" publik hüquqi şəxsin Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ləman Əhmədova, Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri üzrə Qrup rəhbəri Ləman İsgəndərova, "Grand Agro İnvitro" MMC-nin marketinq üzrə mütəxəssisi Qədir Qurbanov və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri Kamran Əliyev iştirak edib.

Bağlanış mərasimində iştirakçılar layihə çərçivəsində qazandıqları bilik və bacarıqları nümayiş etdirmək məqsədilə aqrar sahə üzrə formalaşdırdıqları innovativ layihə və media strategiyalarını nümayiş etdiriblər. Təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tədbir çərçivəsində təşkil edilən panel müzakirələrdə aqrar sahədə media savadlılığı, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının kənd təsərrüfatı və mediada yaratdığı imkanlar, eləcə də rəqəmsal marketinq trendləri müzakirə olunub.

Sonda layihə iştirakçıları sertifikatlarla təltif edilib və qalib komanda üzvləri mükafatlandırılıblar.

Xatırladaq ki, müasir texnologiyaların tətbiqi ilə sürətlə inkişaf edən və dəyişən informasiya məkanının yaratdığı yeni reallıqları nəzərə alaraq aqrar sahədə fəaliyyət göstərən gənclər, sahibkarlar və fermerlərin müasir media tendensiyaları ilə tanış olması, sahənin inkişafı üzrə müvafiq media alətlərindən effektiv istifadənin stimullaşdırılması, aqrar sahədə media savadlılığının artırılması və gənclərin sosial media vərdişlərinin təkmilləşdirilməsi məqsədilə 22 sentyabr-25 dekabr 2021-ci il tarixində “Aqro SMM” layihəsi həyata keçirilib. Layihə çərçivəsində bəzi dövlət və özəl qurumlarda çalışan rəhbər və məsul şəxslərin iştirakı ilə kənd təsərrüfatı, jurnalistika, sosial media və marketinq modulları üzrə 15-dən çox təlim və interaktiv görüşlər təşkil olunub.