Sarkisyanın yeni prezidentliyi Ermənistana nə vəd edir- TƏHLİL
14:01 19-02-2013
CƏMİYYƏT
Serj Sarksyan kürsüsünü qorudu
Ermənistan nəhayət ki, prezident seçkilərini keçirdə bildi. Bu seçkilərin əslində kifayət qədər ağır bir seçki olacağı proqnozlaşdırılırdı. Amma bunun tam əksini gördük. Çünki nəzərdə tutulan simalar seçkilərə qatılmadılar. Söhbət Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və “Çiçəklənən Ermənistan” partiyasının sədri, ölkənin ən varlı adamlarından olan Qagik Sarukyanın və eks-prezident Robert Koçaryanın seçkilərə qatılmamasından gedir. Qeyd edək ki, ötən prezident seçkilərinə qatılan Ter-Petrosiyan faktiki qalib gəlmişdi və hazırda da böyük nüfuzu var. O, seçkilərə qatılardısa, hətta kənar müdaxilələrdə olsaydı, ikinci tur mütləq olmalı idi.
Amma məhz Rusiyanın təzyiqi ilə hər üç lider seçkilərdən kənarda qaldı. Daha maraqlısı isə budur ki, hər zaman seçkilərin taleyinə ciddi təsir göstərməyi bacaran “Daşnaksütyun” partiyasıda seçkilərdən kənarda qaldı və irəli sürdüyü baykot qərarı demək olar ki, heç bir siyasi rol oynaya bilmədi. Beləliklə də Serj Sarksyan seçkilərə rahat qatıldı. Bunu da qeyd edək ki, seçkilərdə Respublika partiyasının lideri Serj Sarkisyan, keçmiş baş nazir, “Azadlıq” partiyasının lideri və deputat Qrant Baqratyan, keçmiş xarici işlər naziri, “İrs” partiyası İdarə Heyətinin sədri Raffi Ovannisyan, sovet illərinin tanınmış dissidenti, “Milli müqəddərat ittifaqı” partiyasının sədri Paruyr Ayrikyan, Dağlıq Qarabağ separatçı rejiminin keçmiş “xarici işlər naziri” Arman Melikyan, politoloq, “Radio Hay” radiostansiyasının rəhbəri Andrias Qukasən və alim Vardan Sedrakyan iddia edirdilər.Bunu da qeyd edək ki, bir neçə gün öncə namizədlərdən biri olan Paruyr Ayrikyan güllələnib.
Qanunvericiliyə görə, namizədlərdən biri keçilməz maneə ilə qarşılaşarsa, seçkilər təxirə salına, hətta, ləğv edilə bilər. Lakin sui-qəsdə məruz qalan Paruyr Ayrikyan hadisədən sonrakı on gün ərzində seçkilərin təxirə salınması ilə bağlı fikrini dörd dəfə dəyişdirdi. Onun belə tərəddüdləri təkcə Ermənistanı yox, həm də bir sıra xarici ölkələri və səsverməni müşahidə etməli olan beynəlxalq təşkilatları gərginlikdə saxladı. Sonda isə o demək olar ki, seçkilərdən könüllü şəkildə imtina etdi. Hazırda isə artıq seçkilərin ilkin nəticələri bəllidir və Serj Sarksyan kürsüsünü qoruya bildi. Maraqlıdır, Serj Sarksyan növbəti beş ildə hansı siyasi kursu müdafiə edəcək və bu Dağlıq Qarabağ probleminin taleyinə necə təsir göstərəcək?
Ekspertlər hesab edir ki, növbəti beş il Serj Sarksyanın son prezidentlik müddətidir və bu səbəbdən hesab etmək olar ki, o daha sərbəst siyasət yürütməyə maraqlı olacaq. Çünki ötən period Serj Sarksyan demək olar ki, Rusiyanın ən elementar sifarişlərini belə icra etməkdən başqa heç nə etmədi. Beynəlxalq səviyyədə əldə olunan razılaşmaları belə Rusiyanın təsiri ilə ləğv etdirdi. Söhbət istər Dağlıq Qarabağla bağlı aparılan danışıqlardan , istərsə də Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı imzalanan sazişin icra olunmamasından gedir. Ekspertlər qeyd edir ki, növbəti beş illikdə çox böyük ehtimal ki, bu məsələlər yenidən gündəmə gətiriləcək. Bundan başqa qeyd olunur ki, Dağlıq Qarabağ probleminin həlli ilə də bağlı hansısa irəliləyişlər ola bilər. Amma bu həm də Rusiya-Azərbaycan münasibətlərindən çox aslı olacaq. Yəni iki ölkə arasında münasibətlər qaydasında olarsa, Rusiyanın Ermənistana təzyiqləri azalar. Ekspertlər bunu da iddia edir ki, Serj Sarksyan növbəti beş illikdə özünü daha çox qərbyönümlü siyasətçi kimi göstərməyə çalışacaq və qərblə münasibətləri axara salmağa cəhd edəcək. Çünki hazırda Ermənistan faktiki olaraq İran bazarını itirir və buna görə alternativ variantlar gözdən keçiriləcək. İranın sosial durumuna gəldikdə isə ekspertlər hesab edir ki, İran bazarının sıradan çıxması səbəbindən Ermənistanda sosial vəziyyət daha da ağırlaşacaq. Qeyd edək ki, ötən beş il ərzində Ermənistandan 300 mindən çox sakin ölkəni tərk etmişdi. Hesab olunur ki, bu proses növbəti beş ildə də təkrarlanacaq.
Beləliklə çıxarılan nəticə budur ki, növbəti beş ildə Serj Sarksyan siyasətində ciddi elə bir dəyişiklik olmayacaq. Həmçinin Ermənistanda sosial durum daha da ağırlaşacaq. Hətta bildirilir ki, bu səbəbdən Serj Sarksyanın beş il prezident kürsüsünü qoruyub saxlaması da inandırıcı görünmür.
Digər Xəbərlər
2024-12-29 13:22:29
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00