Bakı şəhəri Yasamal Rayon Məhkəməsində “Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğlu barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

"Unikal" xəbər verir ki, Aydın Bağırov 44 günlük Vətən müharibəsindəki tarixi qələbə münasibətilə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil etdiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Belə ki, Aydın Bağırov qeyd olunan MMC-də orden və medalların hazırlanmasında texnoloji və keyfiyyət üzrə nəzarətə cavabdeh şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Şuşa, Suqovuşan, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Laçın, Ağdam, Xocavənd və Cəbrayılın azad olunmasına görə medalların, “İgidliyə görə” medalları, “İstiqlal”, “Azərbaycan Bayrağı”, “Rəşadət”ə görə ordenlərin, digər orden və medalların saxta nümunələrini hazırlayaraq müəssisə ərazisindən kənara çıxarıb pul müqabilində satılmasını həyata keçirib.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Aydın Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.