Ötən əsrin 80-ci illərində Fransa televiziyasında yayımlanan ilk elmi fantastik şousu sayəsində əkiz qardaşı İqorla birlikdə məşhurlaşan Qrişka Boqdanoff vəfat edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, teleaparıcı 72 yaşında Parisdə müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.
Qeyd edək ki, Boqdanoff qardaşları 1970-ci illərin sonundan Fransada uğurlu televiziya proqramları ilə məşhurluq qazanmağa başlayıblar. Xüsusilə, onların 1982-ci ildə "2002: Gələcəyin Odisseyi" teleşousu uğurlu olub. Bununla belə, qardaşların bir sıra çıxışları elmi ictimaiyyətin kəskin tənqidi ilə üzləşib və onları yalançı hesab ediblər. Qardaşların nəşr etdiyi elmi-populyar kitablar da tənqidlərdən yayına bilməyib.
1990-cı illərin sonunda qardaşlar doktorluq dissertasiyalarını müdafiə edib. Lakin 2010-cu ildə Riyaziyyat və Nəzəri Fizika üzrə Milli Tədqiqat Komitəsi onların işinin heç bir elmi dəyəri olmadığını bəyan edib.
Qardaşların əsl adları İqor Yuryeviç və Qriqor Yuryeviç Ostasenko-Boqdanovdur. Onlar 1979-cu ildə ilk elmi-fantastik proqram "Time X"-in (Temps X), zamanla “Dördüncü Ölçü”, “Məhkum”, “İşğalçılar” kimi bir sıra verilişlərin aparıcısı olublar.