Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Ümummilli Lider Heydər Əliyev demişdir ki, “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərin bu fikri Dünya azərbaycanlılarının həmrəyliyinin fəlsəfəsinin əsasını təşkil edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bu gün məhz onun adı ilə bağlıdır. Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkirli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Azərbaycanın həmrəyliyi, milli birliyi, zəngin tarixi, mədəniyyəti və adət-ənənələri dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq hər zaman soydaşlarımız tərəfindən qorunub saxlanılır.

Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda cənab prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın yeni mərhələsinin möhkəm təməli qoyulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter almışdır. Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xəşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa rühlandırır, yeni güc, qüvvət verir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov