Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisi hesab olunur. Məhz buna görə də Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidin xatirəsi əziz tutulur, onların ruhu böyük hörmət və ehtiramla anılır. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Şəhidlər xiyabanı sadəcə and yerimiz, qürur ünvanımız deyil. Şəhidlər Xiyabanı həm də Azərbaycan xalqının milli həmrəylik anlayışının təzahür tapdığı məkandır. 

"Unikal"  xəbər verir ki, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şəhidlər xiyabanını ziyarət edib. O, buradakı Əbədi Məşəl Abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramını ifadə edib.

Daha sonra icra başçısı Şəhidlər Xiyabanını ziyarətə gələn şəhid yaxınları və qazilərlə görüşüb. Niyazi Bayramov onların qayğıları ilə maraqlanıb, şikayət və təkliflərini dinləyib. 

Şəhid yaxınları tərəfindən dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qısa vaxt ərzində aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində də şəhid və qazi ailələrinə xüsusi qayğı göstərilir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələri ziyarət olunublar. Onlara Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovaqı paylanılıb. 

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.