Daxili işlər Nazilriyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xüsusi taqımının əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.
BDYPİ-dən "Unikal"a verilən məlumata görə, yanvarın 7-də Xırdalan dairəsi adlanan ərazidə xidmət aparan DYP əməkdaşları sutkanın qaranlıq vaxtı xarici işıq cihazları söndürülmüş vəziyyətdə hərəkətdə olan “BMW” markalı, NN-635-NH qeydiyyat nişanlı avtomobil aşkar edib, sürücüyə “saxla” işarəsi verilsə də, o, əvvəlcə göstərişə tabe olmayıb, lakin sonradan nəqliyyat vasitəsini dayandırıb.
Araşdırma zamanı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Əliyev İlqar Qəhrəman oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də həmin avtomobilə aid 1060 manat ödənilməyən inzibati cərimə məbləğinin mövcudluğu aşkar edilib və göstərilən səbəblərdən avtomobilin mühafizə olunan duracağa yerləşdiriləcəyi barədə sürücüyə məlumat verilib. Bu zaman polisin qanuni tələbinə qəsdən tabe olmayan İ.Əliyev müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb, lakin DYP əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, tibbi müayinə zamanı İlqar Əliyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Toplanmış materiallar Abşeron rayon məhkəməsinə göndərilib və müvafiq qərara əsasən İlqar Əliyev bir ay müddətində inzibati həbs olunub.