Danimarka hökuməti fevralın 1-dən etibarən koronavirusla bağlı bütün məhdudiyyətləri aradan qaldıracaq.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Baş nazir Mette Frederiksen jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, COVID-19 sosial cəhətdən kritik xəstəliklər kateqoriyasından çıxarılıb.
Peyvənd pasportu tətbiqinin yalnız xaricdən Danimarkaya girişlərdə davam edəcəyini bildirən Frederiksen, "1 Fevraldan etibarən bütün məhdudiyyətləri aradan qaldırmağa qərar verdik", - deyə qeyd edib.
Həmçinin Frederiksen, COVID-19 peyvəndinin 4-cü dozasının da tətbiq ediləcəyini söyləyib.
Danimarka Dövlət Serum İnstitutunun Baş Epidemioloqu Tyra Krause yanvarın 3-də verdiyi açıqlamada, "Omicron" variantının COVID-19 pandemiyasının sonunu gətirdiyini və insanların 2 ay ərzində normal həyatlarına qayıdacaqlarını vurğulayıb.
Milli Səhiyyə Agentliyinin açıqladığı rəqəmlərə görə, Danimarkada koronavirus səbəbiylə həyatını itirənlərin sayı 3 min 635-ə yüksəlib. Ölkədə yoluxanların sayı 1 milyon 484 min 771-ə çatıb.
Gülayə Mecid