Sablya üzrə milli komandamızın lideri Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kuboku turnirinin mərhələ yarışında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, idmançımız qadınların şəxsi yarışının finalında fransalı Mannon Brunetə 15:10 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan A.Başta ilk görüşdə Rusiya təmsilçisi Anastasiya Şorokova (15:9), sonra isə almaniyalı Yulike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. O, ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb. Sablyaçımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada yaponiyalı Emura Misakini 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gələn A.Başta adını finala yazdırıb.