Almaniyanın liman şəhəri olan Hamburqda "Nadia" fırtınası baş verib.
"Unikal" xəbər verir ki, fırtınanın sürəti saatda 130 kilometrə çatıb. Hava və quru nəqliyyatına mənfi təsir göstərən təbiət hadisəsi axşam saatlarında intensivliyini artıraraq şimal-qərbə doğru hərəkət edib.
Hamburq hava limanına enə bilməyən təyyarələr əlverişsiz hava şəraiti səbəbilə Köln və Hannoverə yönləndirilib.
Bildirilib ki, suyun əsas küçələrə axmasının qarşısını almaq üçün barrikadalar yaradılıb.
Küləyin təsiri ilə havada uçan sərt cisimlər nəqliyyat vasitələrinə və ətraf mühitə maddi ziyan vurub. 3,5 tonluq yük maşını magistral körpüyə aşıb, magistral yolda ağacın aşması nəticəsində isə 8 nəfər yüngül xəsarət alıb.
Federal Dəniz və Hidroqrafik Agentliyi (BSH) şimal sahilləri üçün yeni şiddətli tufan təhlükəsi haqqında xəbərdarlıq edib.
Ağarza Elçinoğlu