Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev bu gün final mərhələsində çıxış edəcək.
"Unikal" xəbər verir ki, 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparacaq.
Litvintsev Bakı vaxtı ilə saat 05:30-da start götürəcək yarışda ilk "6-lıq"dan sonra 7-ci sırada məharətini göstərməyə çalışacaq.
Azərbaycan təmsilçisinin yer aldığı qrupda Brendan Kerri (Avstraliya), Denis Vasilyev (Latviya), Mark Kondratyuk (Rusiya Olimpiya Komitəsi), Adam Siao Him Fa (Fransa) və Matteo Ritso (İtaliya) da var.
Litvintsev qısa proqramda 84,15 xalla 18-ci olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.