Kanallar lildən təmizlənir, suvarma mövsümünə hazırlıq işləri görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov "Unikal"a bildirib ki, 1993-cü ildən Bərdə rayonunun Lənbəran ərazisində fəaliyyət göstərən Kəlbəcər Suvarma Sistemləri İdarəsi Kəlbəcər rayonuna məxsus 1150 ha ərazilərin su təchizatını təmin edir. Lənbəran ərazisində suvarılma üçün Yuxarı Qarabağ kanalından su götürülür. İdarənin balansında 25 km suvarma kanalı, 14 kilometrə yaxın kollektor drenaj şəbəkəsi, 2 ədəd nasosstansiya, 10 km-ə qədər boru xətti mövcuddur. İdarə hər il olduğu kimi bu il də suvarma mövsümü bitdikdən sonra gücləndirilmiş iş rejiminə keçərək suvarma kanallarını texnikalar vasitəsilə lildən təmizləyir. Bundan başqa cari təmir işləri də aparılır ki, bu işlər çərçivəsində 2 km beton kanal təmir olunub və kanalın xidməti ərazisində su itkisinin qarşısı alınıb.
Kəlbəcər Suvarma Sistemləri İdarəsinin balansında olan kollektor drenaj şəbəkələrində də draqlayn-ekskovatorlar vasitəsilə lildən və kol-kosdan təmizləmə işləri aparılır. Görülən işlər nəticəsində şoranlaşmaya görə, keyfiyyəti aşağı düşən torpaq sahələri münbitləşir. Bundan başqa Bozdağ massivində yerləşən “Qismət-2017” nasos stansiyasında da cari təmir işləri yerinə yetirilib. Nasos stansiyanın su mənbəyi kür çayıdır. Stansiyada 2021-ci ildə 75 kvt-luq elektrik mühərriki quraşdırılıb və 50 hektar əraziyə xidmət edən nasos stansiya tam saz vəziyyətə gətirilərək növbəti suvarma mövsümündə həmin sahələrin suvarılmasını təmin edəcək. Ərazidə taxıl, arpa və yonca əkilir.
Qeyd edək ki, Kəlbəcər Suvarma Sistemləri İdarəsi Bərdə, Göygöl və Samux rayonlarında torpaq sahələrinə xidmət edir. İdarə 2021-ci ildə suvarma kanallarında 26 min kubmetr, kollektor drenaj şəbəkələrində isə 37 min kubmetr lildən təmizləmə işlərini həyata keçirib.