Pekin-2022 Qış Olimpiya Oyunlarında qadın fiqurlu konkisürənlərin yarışı başa çatıb.
"Unikal" xəbər verir ki, iki gün öncə qısa proqramla çıxış edən 30 iştirakçıdan 25 ən yaxşısı mükafatlar uğrunda mübarizə aparıb.
Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova sərbəst proqramda buz üzərinə 10-cu çıxıb. Onun çıxışı 118,15 balla qiymətləndirilib.
İlk çıxışında 61,82 xalla 16-cı olan Ryabova iki hərəkətin yekununda 179,97 xal toplayıb. O, Olimpiadanı 15-ci yerdə başa vurub. Bununla da millimiz Pekin-2022-də çıxışını bitirib.
Olimpiya çempionu adına isə rusiyalı Anna Şerbakova layiq görülüb. O, 255,95 xal toplayıb.
Qeyd edək ki, 2 idmançı ilə Pekinə yollanan Azərbaycan yığmasının digər təmsilçisi Vladimir Litvintsev kişi fiqurlu konkisürənlərin mübarizəsində 18-ci olub.