"İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır"
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Bölgələrə gəldikdə, bölgələrdə canlanma və inkişaf imkan verdi ki, Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər aparılsın. Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində atılmalıdır", - dövlət başçısı bildirib.